19 yanvar 2023 01:58
653

Araik-Vardanyan qarşıdurması...

Separatçıların başçısı niyə aradan çıxmaq istəyir?

Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisində böhran yaranıb. Ancaq Ermənistanın hakim dairələrinin və Qarabağdakı qondarma qurumun “rəhbər”lərinin iddia etdikləri kimi “humanitar böhran” deyil, siyasi böhran. Belə ki, son vaxtlar baş separatçı-terrorçu Araik Arutyunyan və rusiyalı cinayətkar, Qərbin sanksiyalarından yayınmaq və şəxsi mənfəətləri üçün qeyri-qanuni şəkildə Qarabağa “ezam olunmuş” “dövlət naziri” Ruben Vardanyan arasında narazılıq son həddə çatıb. Bir neçə gün öncə Ermənistan mətbuatında Arutyunyanın Vardanyanı “vəzifə”sindən uzaqlaşdırmaq istədiyi, hətta bununla bağlı “əmr”in hazır olduğu barədə məlumatlar yayıldı. Hazırda Ermənistanın siyasi dairələrinə də sirayət etmiş, xüsusilə Vardanyanla bağlı onun əleyhdarları və tərəfdarları olmaqla iki cəbhənin yaranmasına səbəb olmuş gərginliyin davam etdiyi bildirilir.

Xəbərlərə görə, Qarabağdakı qondarma qurumun dırnaqarası “prezident”inin özü də istefa vermək, “parlament”i buraxmaq və yeni “seçki”lərin keçirilməsi istəyində olduğunu, bunu hazırkı vəziyyətdə yeganə çıxış yolu kimi gördüyünü deyib. Arutyunyanın bu qərara Qarabağdakı mülki erməni əhalisi arasında gündən-günə artan narazılıqlar səbəbindən gəldiyi, onun yaranmış vəziyyət fonunda “çamadanlarını yığdığı” və həm məsuliyyətdən, həm də sözün həqiqi mənasında qaçıb aradan çıxmağa çalışdığı bəlli olsa da baş separatçı yanvarın 17-də “deputat”larla qapalı görüşdə bəhanə kimi Laçın yolunda yaranmış vəziyyəti göstərib. Daha doğrusu, Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə 2022-ci il dekabrın 12-dən başlayaraq 39 gündür fasiləsiz keçirilən aksiyaların dayandırılması üçün qeyri-rəsmi tələbləri.

Araik hazırda Azərbaycanla danışıqlar aparılmadığını, tələblərin onlara Rusiya sülhməramlıları vasitəsilə çatdırıldığını bildirib. Erməni mediasının Qarabağdakı qondarma qurumun “prezident”inə istinadən yaydığı məlumata görə, Azərbaycan Laçın yolundakı aksiyaların dayandırılması üçün ilk növbədə cinayətkar Vardanyanın ölkəmizin ərazisini tərk etməsini tələb edib. Digər tələblər isə Qarabağda ermənilər tərəfindən qeyri-qanuni istismar olunan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında istismarın dayandırılması və həmin yataqlarda azərbaycanlı mütəxəssislər tərəfindən monitorinqlərin keçirilməsinin təmin edilməsi,

Rusiya sülhməramlı kontingentinin Laçın yolunun Ermənistanla sərhədindəki nəzarət-buraxılış postlarında X-ray rentgen skaner cihazlarının quraşdırılması və yoldan hər iki istiqamətdə keçən yüklərə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələrinin nəzarət etməsi və qanunsuz erməni silahlı birləşmələrinin istifadəsində olan Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın ölkəmizin ərazisindən çıxarılmasıdır.

Qeyd edək ki, sadalanan tələblərin bir qismi Laçın yolundakı azərbaycanlı aksiyaçılar tərəfindən də səsləndirilib və kifayət qədər əsaslıdır. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatda da silahlı terrorçuların və hərbi texnikanın Qarabağdan çıxarılması, Laçın yolunun yalnız dinc məqsədlər üçün istifadə edilməsi ilə bağlı bəndlər mövcuddur. Ancaq Azərbaycanı əsassız olaraq həmin Bəyanatın müddəalarını pozmaqda günahlandırmağa çalışan Ermənistan rəhbərliyi iki ildən artıq vaxt keçməsinə baxmayaraq nəinki öz ordusunun tör-töküntüsünü geri çəkməyib, üstəlik dinc məqsədli istifadə üşün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə Qarabağdakı terrorçulara silah-sursat, texnika daşınmasını həyata keçirib. Bu baxımdan Azərbaycanın tələblərinin ciddi əsasları var və qeyd-şərtsiz yerinə yetirilməlidir.

Araik Arutyunyan qapalı iclasdakı çıxışı zamanı etiraf edib ki, vəziyyət onlar üçün kifayət qədər ağırdır, hələ daha çətin günlər qarşıdadır və “divara dirəniblər”. Görünür, baş separatçı-terrorçu Qarabağdakı mülki erməni əhalisinin baş verənlərə çox dözməyəcəyini, etirazların artacağını, dinc insanların yaşadıqları çətinliklərin səbəbkarlarından, yəni, ondan və Vardanyandan hesab tələb edəcəklərini yaxşı anlayır. Odur ki, bütün mümkün vasitələrlə aradan çıxmağa çalışır. Yenə də erməni mətbuatının iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan da Vardanyanın “dövlət naziri” kimi qalmasının tərəfdarı deyil və onu Qarabağın erməni icması ilə Azərbaycanın birbaşa danışıqlarına maneə olaraq görür. Düşmən ölkədə cinayətkar Vardanyanla bağlı iki cəbhənin yaranmasının əsas səbəblərindən biri də budur.

Məlumdur ki, keçirilən aksiya nəticəsində Laçın yolunda hərəkət dayandırılmayıb və Qarabağdakı hər hansı “böhran”ı bu səbəblə əlaqələndirmək yalan və iftiradan başqa bir şey deyil. Hər gün sözügedən yoldan Rusiya sülhməramlılarının təminat maşınları, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər, dərman, tibbi ləvazimatlar və ərzaq daşıyan maşınlar hər iki istiqamətdə sərbəst hərəkət edirlər. Görünür separatçıları əsas narahat edən yoldan əvvəllər olduğu kimi digər qanunsuz məqsədlər üçün istifadəsinə imkan verilməməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə Laçın-Xankəndi yolunun mülki şəxslər və humanitar təyinatlı yüklərin keçidi üçün açıq olduğunu növbəti dəfə bəyan edib. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb, Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib. Litvalı həmkarını yoldakı hazırkı vəziyyətlə bağlı məlumatlandıran Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia edir. Halbuki yol mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıqdır, həmçinin BQXK-nin xətti ilə humanitar yüklərin sərbəst hərəkəti təmin edilir.

Dövlət başçısının da qeyd etdiyi kimi, Laçın yolu bağlanmayıb və humanitar məqsədlər üşün açıqdır. Ancaq bu açıq yolu öz qaranlıq məqsədləri üçün “bağlı yola çevirmək” istəyən Araik-Vardanyan cütlüyü üçün deyəsən bütün yollar bağlanıb, separatçıların başçısının özünün dediyi kimi, “divara dirəniblər”. Özü də ermənilərin özləri tərəfindən. Bu da cinayətkarlar üçün son deyil – “daha çətin günlər hələ qarşıdadır”...

Mahir Rəsuloğlu, “İki sahil”