19 yanvar 2023 02:17
680

Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik

Dövlət başçısı İlham Əliyevin son beş il ərzində təsdiq etdiyi sayca dördüncü irihəcmli sosial paket bunun təsdiqidir

Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi yerini və rolunu möhkəmləndirir. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» söyləyən cənab İlham Əliyev bildirir ki, söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır,

Təbii ki, söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.

Cənab İlham Əliyev hər bir addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. İctimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirərkən onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratdığını görürük. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirərkən böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son iki ildə tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bərpa işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, keçmiş köçkünlərin yüksək yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülməlidir. Sosial xidmət sahəsində atılan addımlar da diqqətdən kənarda qalmır. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. Həyata keçirilən hər bir sosial layihə ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. İqtisadi islahatlar dərinləşdikcə bu ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir.

Hər yeni il vətəndaşlarımızın xoş ovqatının daha da yaxşılaşmasına yönələn Prezident sərəncamları ilə yadda qalır. Yeni ilin başlanğıcından təsdiqlənən irihəcmli sosial paket əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha təsdiqlədi.

Bu ilin 5 yanvar tarixində Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam 2023-cü ildə sosial müdafiənin gücləndirilməsi istiqamətində ilk addım oldu. Həmin Sərəncama əsasən, minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılıb. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb ki, bu da 700 min vətəndaşın sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcək. Göründüyü kimi, sosial islahatların əhatə dairəsi genişlənir.

Ümumilikdə, növbəti irihəcmli sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə edəcək. Cari ilin dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqətdədir. Təbii ki, bütün bu addımlar vətəndaş amilinin dövlətin həyata keçirdiyi siyasətin əsasında dayandığını nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də sosial islahatlara diqqət yönəldərək bu fikri xüsusi qeyd etdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.

Prezident İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edən addımların fonunda bu reallığı diqqətə çatdırdı ki, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə deyil, müntəzəm olaraq atılan addımlardır. İqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. “Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı” söyləyən cənab İlham Əliyev bildirir ki, ehtiyacı olan insanların buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparıldı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır: “Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.”

Şəhid ailələrinə və müharibə əlillərinə dəstək prioritetdir. Keçən il bu istiqamətdə atılan önəmli addımlar göz önündədir. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Ümumilikdə bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.

Azərbaycan hər sahədə ilklərə imza atır. Ölkəmizdə görülən işlər müharibə yaşamış ölkələr arasında yeniliyimizdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, çünki bir çox ölkələrdə belə praktika yoxdur: “Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.”

Göründüyü kimi, sosial sahə çoxşaxəlidir. Bura özünəməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Azərbaycan sosial dövlət olduğunu sözdə yox, əməldə təsdiqləyir.

Ölkə Prezidentinin yanvarın 13-də imzaladığı Fərman və sərəncamlar özündə bütün məqamları ehtiva edir. Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezidentin aylıq təqaüdünün artırılması, digər həssas qruplardan olan insanların müavinət və təqaüdlərində artımlar sosial islahatların davamlı xarakter daşıdığını göstərir. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin, fəxri adlara görə aylıq təqaüdün, ali məktəb tələbələri üçün Prezident təqaüdünün, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və sair kimi biri-birində mühüm sərəncamlar dövlətin vətəndaşına verdiyi dəyəri nümayiş etdirdi.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılmasının vacibliyi bildirildi. Təbii ki, bu, ölkəmizin iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycanın iqtisadi imkanları artdıqca, bu, ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir. Son beş ildə dörd böyük sosial islahat paketi icra olunub. Beş il ərzində dörd dəfə minimum pensiyaya dair islahat həyata keçirilib. Bunların nəticəsi olaraq 2018-ci ildə 110 manat olan minimum pensiya 280 manata çatdırılır.

Nəzərə alsaq ki, son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə sıfırdan başlanan bərpa-quruculuq işləri Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir, bununla paralel olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması da prioritetliyini qoruyur, bu, vətəndaş amilinin dövlətimizin siyasətində nə qədər öndə dayandığının göstəricisidir. Hər zaman xalqa güvənən dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin hər biri dəstəklənir, xalq-Prezident birliyini daha da möhkəmləndirir. Hər bir addımda özünə diqqətin, qayğının şahidi olan xalqın Prezidentinə sevgisi şəksizdir.

Yeganə Əliyeva, “İki sahil”