Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman, Vətən müharibəsində, eləcə də postmüharibə dövründə Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, işğalçı ölkənin hərəkətlərini pisləyən bəyanatlarla çıxış edib.
BƏƏ-yə məxsus və dünyanın ən böyük enerji şirkətlərindən olan “Masdar” şirkəti hazırda Qaradağ rayonu ərazisində bərpa olunan elektrik enerjisi istehsal edən stansiya inşa edir.
Prezident İlham Əliyev 16 yanvar tarixində BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, ölkəmizdə bərpa olunan elektrik enerji istehsalında həyata keçirdiyi layihələrdən danışdı, həmçinin iki dost ölkənin yaxın münasibətləri haqqında məlumat verdi.
Azərbaycan dövləti ilə BƏƏ arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Ölkəmiz də enerji təminatını tam təmin etməklə bərabər xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycanın bərpa olunan elektrik enerjisi istehsalı ilə bağlı nəhəng potensialı var və bu sahədə böyük layihələr icra olunur.
Artıq iki ildir ki, Azərbaycandan Avropaya uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ixracı həyata keçirilir. Bu boru xətti vasitəsilə Avropaya təbii qazın həcmi hər il artırılır. Bu il Avropaya ixrac ediləcək qazın həcmi 24 milyard kub metrə çatdırılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə vermiş olacaq.
Xəzər dənizinin Azərbaycan sektorunda və işğaldan azad edilmiş ərazilərdə böyük gücə malik külək və günəş elektrik stansiyalarının inşa edilməsi üçün layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin BƏƏ səfəri çərçivəsində “Masdar” şirkəti ilə SOCAR arasında külək və günəş enerji stansiyalarının yaradılmasına dair Saziş imzalanmışdır.
2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya arasında Azərbaycanda istehsal olunan elektrik enerjisinin Avropaya ixrac edilməsi üçün Qara dənizin dibindən kabel çəkilməsinə dair saziş imzalanmışdır.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir