Ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək inkişaf göstəriciləri müşahidə olunur. Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin nümayişidir. Son 19 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin demokratik islahatlar sahəsində atdığı addımlar davamlılığı ilə diqqətdədir. İqtisadi və siyasi islahatların paralelliyi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan hər yeni təcrübənin tətbiqində, təkmilləşmədə maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hər bir inkişafın əsasında sabitliyin və iqtisadi tərəqqinin dayandığını önə çəkən Azərbaycan dövləti siyasi islahatların qaçılmazlığını da bildirir. Ölkəmizin demokratiya təcrübəsi daim nümunə göstərilir.
"Siyasi partiyalar haqqında” ilk Qanun 1992-ci ilin iyununda qəbul edilib. Dövrün tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə qəbul olunan Qanunlarda da özünün aydın ifadəsini tapır. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin sözdə deyil, əməldə təsdiqi oldu. Demokratik islahatlar ölkəmizin bugünkü inkişafının əsasıdır. Bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlətimiz və cəmiyyətimiz inkişaf etdikcə yeni reallıqlar meydana gəlir və dövlətin, cəmiyyətin idarəedilməsində əsas sütun olan qanunvericilik bazasının da yenilənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Qanunun aliliyinin təmin olunmasına gəldikdə isə cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Qanunlara əməl etməli, vətəndaşıq borcumuzu yerinə yetirməliyik. Ölkəmizin ictimai-siyasi həyatında mühüm islahatlar həyata keçirilir, mühüm hadisələr baş verir.
Azərbaycan iki ildir qalibiyyəti ilə dünyaya səs salıb. Bu gün qalib Azərbaycanın qarşısında dayanan vəzifələrdən, hədəflərdən, çağırşlardan bəhs edirik. Dövr dəyişirsə, təbii ki, öz növbəsində tələblər də dəyişəcək. Şanlı Zəfərimizin yeni reallıqları fonunda bütün sahələrdə təkmilləşmə özünü qabarıq şəkildə büruzə verir. Məhz ölkəmizdə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni Qanunun da qəbul edilməsi bir zərurətə çevrildi.
"Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Milli Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirildi. Aidiyyəti üzrə bütün sferaların fikirləri öyrənildi. Qanun layihəsi hazırlanarkən 20-dən artıq ölkənin təcrübəsi öyrənildi. Bundan əlavə, Qanun layihəsi həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasına uyğun şəkildə hazırlandı.
Dövlət başçısı cənab İlham Əliyevin yanvarın 11-də təsdiqlədiyi “Siyasi partiyalar haqqında” yeni Qanun bu çağırışları özündə ehtiva edir. 6 fəsildən, 30 maddədən ibarət olan yeni sənəd siyasi partiyaların gələcək fəaliyyətini yüksək səviyyədə tənzimləyəcəkdir. Qanunda vacib məqamlar var. Belə ki, seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcəkdir. Partiyaların yaradılması üçün üzv sayı 10 mindən 5 min nəfərə endirildi. Yeni Qanunda zamanın çağırışları tam əks olunub. Bu qanunla dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair mühüm məqamlar yer alıb. Eləcə də, siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda siyasi münasibətlər sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bərabər şərait yaradılıb. İnanırıq ki, yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir