18 yanvar 2023 13:11
511

20 Yanvar faciəsi xalqımızın yaddaşına hüzn, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Həmin gecə şəhidlərimizin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Bu hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. 20 Yanvar faciəsinin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb. Böyük liderin bu addımı xalqımıza güc verib.

1990-cı il yanvarın 22-də Bakıda Dağüstü parkda Şəhidlər Xiyabanı salınıb. Faciə qəhrəmanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub. Yanvarın 20-si ölkəmizin hər yerində xatirə tədbirləri keçirilir. Hamı şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına axışır.

20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həll edici təsir göstərib, dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi olub. 20 Yanvar xalqımızın tarixində istiqlal mücadiləsinin qələbəsidir. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir 20 Yanvar.

İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.

Böyük şairimiz Bəxtiyar Vahabzadə “Şəhidlər” əsərində yazır:

Qatil güllərinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üç rəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Azadlıq verilmir, alınır. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. Bu mərd oğul və qızlarımızın vətən sevgisi gənclərimizə örnəkdir, Şəhidlər Xiyabanında alovlanan məşəl heç vaxt sönməyəcək. Çünki bu məşəl öz odunu, alovunu şəhidlərimizin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür.

Əntiqə Soltanova,
Bakı şəhəri, Ceyhun Həsənov adına 48 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi