18 yanvar 2023 12:05
554

Xalqımızın qəhrəmanlıq səhifəsi

Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir.20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. Sovet İttifaqı rəhbərliyinin ölkədə yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasət, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün hökümət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqla yanaşı Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaratdı. Beləliklə, bir tərəfdən  Azərbaycan xalqının milli- azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verǝrǝk Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot vǝ avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olmuş, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.

Qanlı Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev oldu. O faciədən sonrakı gün özünün və ailəsinin həyatını təhlükə altında qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Kommunist rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi və Azərbaycan xalqının kədərini bölüşdü. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.

Vətənpərvərliyin ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş "Əbədi məşəl" abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara

 "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Nazxanım Hüseynova,
Bakı şəhəri, 58 nömrəli tam orta məktəbin tarix müəllimi