İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü iclası başlayıb. Forumun açılış mərasimində çıxış edən Forumun təsisçisi Klaus Şvab tədbirin maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini vurğulayıb.
Builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir.
Dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilat olan və 1974-cü ildən sonra demək olar hər il baş tutan (koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə isə yanvar ayında deyil, may ayında təşkil olunub) Dünya İqtisadi Forumu bu il 16-20 yanvarın tarixlərində "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda keçirilir. Budəfəki forumda dünya liderlərindən qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, insanların təcili, kritik ehtiyaclarını ödəmək, eyni zamanda, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaratmaq məqsədilə addımların atılması gözlənilir.
Forumunun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Bu gün dünya kritik bir dönüş nöqtəsindədir. COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi onsuz da kövrək olan qlobal sistemi daha da sarsıdıb. Dünyanın ən güclü dövlətlərinin iqtisadiyyatlarında artım dayanıb, həmçinin ərzaq və enerji qiymətləri artıb, inflyasiya bəlkə də tarixin ən pik həddinə çatıb. 1970-ci illərdən bəri ilk dəfə olaraq dünya qiymətlərin artımı və inflyasiyanın əks istiqamətdə hərəkət etdiyi qeyri-müəyyən tarazlıq ilə üzləşib. Artan geoiqtisadi parçalanma maliyyə sektorunda zəiflikləri, o cümlədən aktivlərin qiymətləri, yüksək borc səviyyələri və nəzarətdən çıxan iqlim və ərzaq böhranını dərinləşdirə bilər.
Belə bir misli görünməmiş vəziyyətdə Dünya İqtisadi Forumu 53-cü illik toplantısını keçirir. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzində olacaq.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, tədbirdə Almaniya Kansleri Olaf Şolz, Niderlandın Baş naziri Mark Rutte, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Yens Stoltenberq, digər dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcəklər.
Həmçinin Foruma 700-dən çox təşkilat rəhbəri, dünyanın ən nüfuzlu 600-dən artıq şirkətinin baş icraçı direktorları qatılacaq.
İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində olacaq.
Budəfəki Forumda Azərbaycana marağın yüksək olacağı şübhəsizdir. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra bölgədə geniş iqtisadi əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq.
Qeyd edək ki, budəfəki səfər Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına sayca 19-cu səfəridir. Bunlardan biri rəsmi, digərləri isə işgüzar səfərlər olub.
İsveçrə Azərbaycanın müstəqilliyini ən tez tanıyan ölkələrdən biridir (23 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 21-də qurulub. İki ölkənin sıx münasibətləri mövcuddur. İndiyədək Azərbaycanla İsveçrə arasında 31 sənəd imzalanıb, iki sənəd layihəsi baxılmaqdadır. Ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi son illər nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 462 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,4 faiz artım deməkdir. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 97 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu illər ərzində İsveçrə Azərbaycana 1,135 milyard ABŞ dolları sərmayə qoyub. Xüsusilə vurğulamaq lazımdır ki, bu ölkənin "Sa_partners" şirkəti işğaldan azad olunan ərazilərimizdəki layihələrə cəlb olunaraq Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planlarını hazırlayıb. Təqribən bir ay əvvəl - 2022-ci ilin 13 dekabrında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti - 9-cu iclası keçirilib.
Azərbaycan Prezidentinin İsveçrəyə səfərlərinin ölkəmiz üçün faydaları bir neçə hədəfə eyni zamanda çatan uzaqgörən siyasət nəticəsində mümkün olub. Belə ki, bu səfərlər dünyanın nüfuzlu ölkələrindən sayılan İsveçrə ilə ikitərəfli konteksdə siyasi, iqtisadi münasibətləri inkişaf etdirilməklə yanaşı, bu ölkənin ev sahibliyi etdiyi Dünya İqtisadi Forumu çərçivəsində digər dövlətlərin başçıları, həmçinin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə müzakirələr aparmaq, əməkdaşlığı inkişaf etdirmək imkanları verib. Bir sözlə, Davos İqtisadi Forumu Azərbaycanın gücünü və nüfuzunu dünyaya göstərmək baxımından unikal platformadır.
Qeyd etmək yerinə düşər ki, budəfəki Forumda dünyanın bir sıra ölkələrinin rəhbərləri, o cümlədən Litva, Latviya respublikalarının prezidentləri, Xorvatiya, Niderland və Monteneqronun Baş nazirləri, həmçinin dünyanın onlarla nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşmək arzusunu ifadə ediblər. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu Forumda çıxışı gözlənilir.
Xatırladaq ki, 2020-ci ildə keçirilmiş Davos İqtisadi Forumunda dövlətimizin başçısı “Strateji baxış: Avrasiya” mövzusunda keçirilmiş panel iclasında iştirak etmiş, Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, qonşu ölkələrlə münasibətlər, o dövrdə dünyada baş verən proseslər və digər məsələlər barədə danışaraq ölkəmizin gələcək planları barədə məlumat vermişdi. (AZƏRTAC)
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir