Zamanın gərdişini – dünyəvi tarixi-siyasi prosesləri ədalətli şəkildə – milli mənafelərimizə uyğun olaraq dəyişməyi bacaran müstəqil Azərbaycan daha bir ili arxada qoydu. Təkcə tarixi yaşamayıb tarixi öz şərəf və ləyaqət dəstxəti ilə yazmağı bacaran xalqımız “Şuşa İli”ni möhtəşəm nailiyyətlərlə yola salaraq “Heydər Əliyev İli”nə qədəm qoydu. Azərbaycan Tarixi Zəfərdən sonra “Şuşa ili”ni hər bir vətəndaşının qəlbində taxt qurmuş Şuşada qurub-yaratmaq şövqü ilə başa vurdu. Estafet daha bir şərəfli ilin – ümummilli ideyalar və yeni zəfərlər məxəzi olacaq “Heydər Əliyev İli”nindir. Milli qürur və ləyaqət hissi ilə yola saldığımız “Şuşa ili”ndən sonra “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” məramı ilə yaşayan və bunu ən müqəddəs siyasi vəsiyyətinə çevirən Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi ilə bağlı mühüm bir mərhələyə qədəm qoymağımız tarixi zərurətdən doğan məntiqi ardıcıllıqdır, bu, Azərbaycanın reallıqlardan doğan qalibiyyət kodeksidir.
Bu, bir tarixi həqiqətdir ki, Ulu Öndər çoxşaxəli siyasi fəaliyyətini ölkəmizin ərazi bütövlüyünün qorunması strategiyasının həyata keçirilməsinə həsr etmiş, bu vacib siyasi nüansa Azərbaycanın başlıca milli maraqlarından biri kimi daim ciddi diqqət yetirmişdir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır”, – deyən görkəmli dövlət xadimi Azərbaycançılığı milli ideologiyadan müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsinə qaldırmışdır. Dahi rəhbərin layiqli siyasi varisi cənab İlham Əliyev də Prezident kimi başlıca vəzifəsinin ölkəmizi gücləndirmək və ərazi bütövlüyümüzü bərpa etmək olduğunu dəfələrlə bəyan etmiş, məhz Ulu Öndərin siyasi xəttini davam və inkişaf etdirməklə güclü Azərbaycan dövləti qurulduğunu demişdir. Bəli, Azərbaycan, sözün əsl mənasında, hər bir azərbaycanlının fəxr edə biləcəyi qalib, qüdrətli dövlətlə “Heydər Əliyev İli”nə qədəm qoydu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini dərindən təhlil etdikdə bir daha aydın görərik ki, ötən il ərzində ölkədə həyata keçirilən dövlət siyasəti bütün konturları ilə məhz güclü, qüdrətli olmaqla yanaşı, həm də tarixi torpaqlarına sahiblənən vahid, bütöv Azərbaycan formalaşdırılmasına xidmət edib. Ötən ilə nəzər saldıqda ölkə başçımızın hələ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2022-ci ildəki müraciəti zamanı verdiyi “Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm” vədinə bütün varlığı ilə sadiq qaldığını, hər tarixi fürsətdə bu müqəddəs məramı gerçəkləşdirməyə nail olduğunu görürük. Bu məramın əsasında isə dövlət başçımızın özünün də vurğuladığı kimi keyfiyyətcə yeni bir həyata qayıdış olacaq Böyük Qayıdışın reallaşması durur. Bu təkcə hazırda işğaldan azad olunmuş torpaqlara qayıtmaq deyil, böyük mənada, daha uzaq, siyasi hədəfləri özündə ehtiva etməklə bütöv Azərbaycana – Qərbi Azərbaycan kimi itirilmiş tarixi torpaqlara qayıdış məramı daşıyır.
“Dövlətimiz güclüdür və iradəmiz yerindədir”
Vətən müharibəsində qazanılan, xalqımızın əbədilik milli qürur mənbəyinə, iftixar rəmzinə çevrilən Tarixi Qələbəmiz ölkə başçısının da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdiyi kimi, ötən il siyasi müstəvidə daha da möhkəmləndirildi. Azərbaycanın müharibədən yeni çıxmasına baxmayaraq, postmüharibə dövründə də ölkədə ordu quruculuğu siyasətinin uğurla reallaşdırılmasının nəticəsi idi ki, kifayət qədər hərbi potensiala malik olduğunu, necə deyərlər, “Dəmir yumruğ”un yerində olub istənilən vaxt düşmənə qətiyyətli cavab verərək qisas ala biləcəyini bir daha təsdiqlədi. Ötən il Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri bir neçə dəfə genişmiqyaslı təxribat törətdi. Bu revanşist cəhdlərə cavab olaraq Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda sentyabr ayında Naxçıvandan olan hərbi qulluqçu, baş leytenant Əli Əliyevin də şəhid olduğu, Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar növbəti parlaq qələbəmizlə nəticələndi. Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirdi. İlin ən möhtəşəm hərbi-siyasi zəfəri isə avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərinin, Laçın rayonunun Zabux və Sus kəndlərinin azad edilməsi, sentyabrın 21-də ölkə başçımızın Laçın şəhərində Dövlət Bayrağımızı əbədi yüksəkliklərə ucaltması oldu. Qeyd edək ki, qırx dörd günlük Vətən müharibəsi zamanı Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyi üçün Azərbaycan Laçın şəhərini nəzarətə götürməmişdi. Lakin müharibənin sonunda Ermənistanın məcburən imzaladığı kapitulyasiya aktında Azərbaycan Respublikasının Prezidenti təkidlə yeni alternativ yolun çəkilişini ortaya qoydu. 1 il 8 aydan sonra artıq bu yolun hazır olması nəticəsində Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Azərbaycan Ermənistanı 10 noyabr Bəyannaməsinə əməl etməyə məcbur etməklə növbəti dəfə siyasi qətiyyət göstərmiş, düşmənə dərs vermiş oldu. Dövlət başçımız yeni il qabağı müraciətində Laçın şəhərində aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinə əsaslanaraq əminliyini bildirmişdir ki, 2023-cü ildə laçınlılar Laçına qaytarılacaq. Siyasi müstəvidə qələbənin zirvəsi isə ötən ilin oktyabr ayında keçirilən Praqa və Soçi görüşlərində Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması oldu. Bütün şərtlər təmin edildiyi üçün Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalanması daha da reallaşdı.
Azərbaycan İkinci Qarabağ müharibəsində hərbi-siyasi Zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsini ötən il də uğurla davam etdirib. Ötən il işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilib. Dövlət başçısının da müraciətində bildirdiyi kimi, artıq bir neçə şəhərdə inşaat işləri geniş vüsət almışdır, barbarcasına dağıdılan dini-tarixi abidələrimiz Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir: “İlk növbədə, Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam”. Ölkə başçımız yeni il qabağı xalqa bildirdi ki, bütün işlər Baş planlar əsasında gedəcək. Böyük Qayıdış Proqramında bütün planların öz əksini tapdığını deyən Prezident cənab İlham Əliyev əminliklə bildirdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.
2022-ci ilin yaddaqalan hadisəsi kimi azad edilmiş torpaqlarda ikinci hava limanının – Zəngilan Beynəlxalq Hava Limanının açılışını xatırlatmaq yerinə düşər. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmək üçün gələn qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan hava limanına enən ilk təyyarənin trapında bütün diplomatik jestlərin fövqündə dayanan hərarətli, sevinc dolu, məmnunluq və qürur hissini büruzə verməsi, şübhəsiz ki, hafizələrdən silinməyəcək. Bu, ağır və sınaq dövrü kimi səciyyələnən postmüharibə dövründə dünyada görünməyən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nail olduğu sürətli quruculuq və bərpa prosesinə, bütövlükdə, verilən yüksək qiymət idi. Bütün bu faktlar, dövlətimizin başçısının azad edilmiş torpaqlara ötən il 21 dəfə səfər etməsi bir daha onu göstərir ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadir olduğu kimi, ona sahiblənməyi – özü də xalqına arxalanan bir dövlət olaraq bütün siyasi iradəsi, iqtisadi gücü ilə sahiblənməyi, erməni vandallarından fərqli olaraq öz doğma torpaqlarında qurub-yaratmağı yaxşı bacarır.
“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də”
Tarixə nəzər salsaq, görərik ki, qalib tərəf – ən əsası isə ədalətli şəkildə qələbə qazanan tərəf həm də proseslərin sonrakı gedişinə birbaşa təsir edən, diktəedici tərəf olub. Bu mənada, 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyətliliyi təkcə Hərbi Zəfərlə ölçülməməli, həm də qalib tərəf olaraq Azərbaycana daha geniş imkanlar qazandırmaq baxımından Siyasi Qələbə kimi dəyərləndirilməlidir. Məsələn, Zəngəzur dəhlizinin açılmasının günbəgün reallaşması dövlətimizin müharibədən sonrakı dövrdə düşmən üzərində təkcə hərbi deyil, siyasi, mənəvi-psixoloji üstünlüyünü də qoruyub saxladığını bir daha təsdiq edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 ilə yaxın bir dövrdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icrası istiqamətində sülh şəraitində siyasi mübarizə aparmış Prezident cənab İlham Əliyevin ötən il keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında da qeyd etdiyi kimi, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi ilə üzləşmiş, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirmişdir. Postmüharibə dövründə də ölkəmiz beynəlxalq sülhün təminatçısı kimi eyni siyasi prinsipiallıq və qətiyyət nümayiş etdirmişdir. Belə ki, müharibə nəticəsində beynəlxalq hüququn normalarını təmin edən Azərbaycan sonrakı mərhələdə də, bütövlükdə, Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yeni reallıqların müəllifi kimi çıxış edərək heç vəchlə beynəlxalq prinsiplərə tabe olmayan “ipə-sapa yatmaz” Ermənistanı 10 noyabr Bəyannaməsinin prinsiplərinə riayət etməyə təhrik etməkdədir.
Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malikdir. Bu məsələnin həlli ilə tarixi Azərbaycan torpağı Zəngəzur Türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu məsələ Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaq, boru və qaz kəmərləri açılacaq. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər Qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaq, eyni zamanda logistik mərkəz kimi Naxçıvanın da inkişafına mühüm təkan vermiş olacaq.
Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə yanaşı, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da təsbit edilib. Zəngəzur dəhlizi layihəsinin icra edilməsi üçün Azərbaycan öz öhdəsinə düşən hər bir işi yerinə yetirir, ölkə başçımızın da yeni il qabağı müraciətdə də səsləndirdiyi kimi, işlər sürətlə davam etdirilir. Eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürür.
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməməsi isə Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması ilə nəticələnə bilər. Belə də isə, başabəla qondarma erməni dövləti yaratdığı disbalansla öz toplumunu yenidən təhlükə altında qoyacaq. Dəhlizin açılması kimi mühüm tarixi addım həm də Azərbaycanın düşməni təcavüzkar siyasətdən əl çəkib regional əməkdaşlığa vadar etməklə dünyada beynəlxalq sülh və asayişin, humanizm prinsiplərinin qarantı olduğunu təsdiq edir.
Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir, Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Prezident cənab İlham Əliyev də məsələyə bu qlobal prizmadan yanaşaraq Zəngəzur dəhlizinin açılmasını ötən il ən ali beynəlxalq kürsülərdən dünya ictimaiyyətinin də tələbi kimi səsləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanvarın 25-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində, iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında, oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Soçi şəhərində görüşdə, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində, 11 noyabrda keçirilən Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, dekabrın 14-də Türkmənbaşı şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşündəki çıxışlarında bu məsələnin həllinin vacibliyini siyasi qətiyyətlə ortaya qoymuşdur.
Zəngəzur dəhlizi həm də 100 il sonra Vətən müharibəsində qazanılan Böyük Qələbə nəticəsində itirilmiş torpaqları qaytarmaqla tarixi ədaləti bərpa etmək deməkdir. Prezident cənab İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı mübarizəsi bu mənada, bütövlükdə, regional əmədaşlıq, kommunikasiyaların bərpasına deyil, daha böyük siyasi uzaqgörənliklə milli maraqlara xidmət edir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik...” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məsələyə qayıdan dövlətimizin başçısı vurğulamışdır: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”. Onu qeyd etmək yerinə düşər ki, məsələyə obyektiv yanaşılsa, əslində, Zəngəzur dəhlizinin açılmasını daha çox Ermənistan arzulamalıdır. Ermənistan onsuz da müharibədə yetərincə məğlubiyyətə düçar olub, dünyaya rəzil olan bir dövlət kimi günü-gündən daha da ağırlaşan və qaçılmaz olan siyasi-iqtisadi tənəzzüldən – tarix səhifəsindən birdəfəlik silinmək rüsvayçılığından xilas olmaq istəyirsə, özü-özünü məhv etməkdənsə, regiondakı geosiyasi reallıqları qəbul edib Azərbaycan, Türkiyə və digər region dövlətləri ilə normal siyasi-iqtisadi tərəfdaşlığa qol qoymalıdır.
Dahi öndərin Vətəni “Heydər Əliyev İli”nə yeni inkişaf strategiyası ilə qədəm qoydu
“Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır” ifadəsini təkcə Naxçıvanı blokadadan xilas edəcək Zəngəzur dəhlizinin açılması məsələsinə deyil, həm də dövlət idarəçiliyində müasir demokratik yolla aparılan islahatlar nəticəsində Naxçıvanı Azərbaycana daha sıx, möhkəm tellərlə bağlamaq məramına da şamil etmək olar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı və dinamik inkişafa nail olunub. “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”, – deyən Prezident cənab İlham Əliyev Ümummilli Liderin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarının, arzularının yerinə yetirilməsi ilə bağlı vəsiyyətinə də sadiqliyini hər zaman nümayiş etdirib. Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin daha sürətli və uğurla həyata keçirilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması regionların idarəetməsinin yeni və effektiv üsulu kimi özünü doğrultduqdan sonra dövlətimizin başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması daxili siyasət sferasında ilin hadisəsi kimi də dəyərləndirilə bilər.
Müasir və daha da təkmilləşdirilmiş vahid idarəetmə sistemi formalaşdırmaq, iqtisadi resurslardan istifadə imkanlarını genişləndirmək məqsədilə atılan bu addım dövlətə etimad hissinin daha da gücləndirilməsi kimi siyasi nailiyyətlərə, yüksək sosial rifaha nail olunmasına rəvac verəcək. Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması, korrupsiya, rüşvətxorluq, qeyri-şəffaflıq və digər neqativ halların aradan qaldırılmasında da mühüm rol oynayacaq, Naxçıvanın sürətli və hərtərəfli inkişafını təmin edəcək. Ölkə Prezidenti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsini təyinatla bağlı qəbul edərkən insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı tapşırıqlar verməsi bu diyara qayğıdan, doğma münasibətdən irəli gəlir. Artıq qısa zaman ötməsinə baxmayaraq, insanlara qarşı sadə, səmimi rəftar həm Naxçıvan şəhərində, həm də bir neçə rayonda vətəndaşların problemləri ilə yaxından maraqlanma sakinlərdə inam və rəğbət hissi, ruh yüksəkliyi yaradıb. Yeni ilə yeni inkişaf mərhələsi ilə qədəm qoyan Naxçıvan Muxtar Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha sürətlə tərəqqi edəcəkdir. Yeni idarəçilik sistemi yeni cəmiyyət quruculuğuna öz töhfələrini verəcək. Bütün bu prosesləri isə, eyni zamanda Zəngəzur dəhlizinin açılmasına ciddi hazırlıq mərhələsi kimi də qiymətləndirmək olar. Çünki sözügedən dəhlizin açılması ilə Naxçıvan logistik mərkəzə çevriləcək, bu diyar regionda mühüm tranzit əhəmiyyətliliyi ilə dünyanın diqqət mərkəzində olacaq. Buna görə də mövcud siyasi-iqtisadi, demoqrafik problemlərin vaxtında həll edilməsi olduqca zəruridir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müsahibələrinin birində deyib: “Prezident cənab İlham Əliyevlə görüşdə Onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim. Zəngəzur dəhlizi həm lokal, həm regional, həm də kontinental şəkildə xidmət göstərəcək ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir”.
Ümummilli Lider yoluna sadiq Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən ilin uğurları ilə yanaşı, ölkə başçısının təqdimatında müstəqil Azərbaycanın daha şərəfli və məsul bir il olacaq “Heydər Əliyev İli”ndəki siyasi prioritetləri, ümdə vəzifələr ilə də tanış olduq. Məqalənin əvvəlində də qeyd etdiyim kimi, “Zəfərdən zəfər doğar” aksiomu ilə yanaşsaq, Böyük Qayıdış, daha dərin və geniş siyasi məfhum olub Ümummilli Liderin ən müqəddəs, siyasi irsi olan Azərbaycançılıq ideologiyasının işığında Azərbaycanın bütövlüyünə, tarixinə, tarixi ərazilərinə qayıdış kimi səciyyələnir. Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezident cənab İlham Əliyev geniş nitq söyləyərək Azərbaycan diasporunun qarşısında mühüm milli ideoloji vəzifələr qoymuşdur. Belə ki, hər bir azərbaycanlı yaşadığı ölkənin ictimaiyyətini Azərbaycan reallıqları, postmünaqişə dövrü və Azərbaycan tarixi haqqında maarifləndirməyə çalışmalıdır. Tarixi amillərin həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacib olduğunu nəzərə alan dövlətimizin başçısı qeyd etmişdir ki, XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında beynəlxalq ictimaiyyət mütləq məlumatlandırılmalıdır. Milli lider, tanınmış siyasətçi, eyni zamanda XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası kimi tarixi faktların dünya ictimaiyyətinə yetərincə təqdim olunmasının Azərbaycanın tarixi haqlarının – tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Prezident cənab İlham Əliyevin ötən ilki çıxışlarında tez-tez bu məsələyə qayıtması, həmvətənlərimizin öz dədə-baba torpaqlarına bağlılığını milli genofonda məxsus ən ali dəyər kimi qabartması, xalqımıza məxsus “torpaq çəkir” deyimini dəfələrlə işlətməsi Azərbaycançılıq ideologiyasının yeni siyasi müstəvidə qətiyyətli inkişafı məramından irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşündə həmin tarixi torpaqların Azərbaycana məxsus olduğunu bir daha bəyan edərək artıq dövlətimizin tarixi torpaqlarla bağlı növbəti hədəflərini bildirdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Tarixi torpaqlarımız uğrunda mübarizədə qazanacaqlarımız isə məhz həmrəyliyimizdən, dövlət-xalq birliyinin daha qətiyyətli davamından asılıdır. Bu, Ümummilli Lider Heydər Əliyevin də ən müqəddəs siyasi vəsiyyəti, bu vəsiyyəti yerinə yetirmək isə Ulu Öndərin yüzillik yubileyinə ən dəyərli töhfəmiz olar. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax bu yolun təməlində dayanıb”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir