17 yanvar 2023 16:01
556

Dövlətimiz və xalqımız 20 Yanvar faciəsinin qurbanlarını hər zaman dərin ehtiramla anır

Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra müstəqil Azərbaycan tarixi qızıl hərflərlə yazılmış şanlı tarixlər qazanmışdır. Böyük Qələbənin başlanğıcını qoyan 27 sentyabr, Şuşanın işğaldan azad edildiyi 8 noyabr, digər rayonlarımızın azad edildiyi tarixlər, düşmənin kapitulyasiya aktına imza atdığı 10 noyabr tarixi-bu tarixlər bundan sonra xalqımızın hər zaman böyük coşğu, sevinc və qürur hissi ilə qeyd edəcəyi tarixlərdir. Lakin Azərbaycan xalqı, dünya azərbaycanlıları xalqımızın qan yaddaşına həkk olunmuş günləri, tariximizə matəm günləri kimi yazılmış günləri də  heç vaxt unutmamalıdır. Belə tarixlərdən biri bu il 33-cü ildönümünü qeyd etdiyimiz qanlı 20 Yanvar tarixidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə başqa rayonlarına yeridilmiş,  dinc əhali kütləvi qətlə yetirilmişdir. Qanlı Yanvar qırğının törədilməsinin səbəbi həm Azərbaycanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına, həm də ümumilikdə ölkədə baş qaldırmış milli azadlıq hərəkatına, xalqın azadlıq və müstəqilliyi bərpa etmək uğrunda mübarizəsinə  görə Azərbaycanı cəzalandırmaq idi.

Həmin gecə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq əhali tətbiq edilmiş fövqəladə vəziyyət barədə xəbərdar edilməmişdir. Həmçinin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri  artıq yanvarın 19-da saat 21-dən etibarən şəhərə daxil olmuş və fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirmişdir. Ümumilikdə Qanlı Yanvar  hadisələri zamanı Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həm də bu qırğınlar xüsusi qəddarlıqla, silahsız və dinc sakinlərə qarşı ağır texnikalardan və müxtəlif silahlardan istifadə etməklə törədilmişdir. Həmin gecə vəfat edənlər arasında uşaqların, qocaların, qadınların olması, əhaliyə köməyə gələn təcili tibbi yardım maşınlarının hədəf seçilməsi, avtomaşınların, dövlət və şəxsi əmlakın vəhşicəsinə məhv edilməsi sovet  ordusunun amansızlığının və qəddarlığının sözlə ifadə edilə bilməyəcək qədər yüksək həddə olduğunun nəticələri idi. Eləcə də xalqa məlumat verilməsinin qarşısını almaq üçün ilk hədəf kimi Azərbaycan Televiziyasının enerji blokunun seçilməsi, enerji blokunun partladılaraq sıradan çıxarılması həmin gecəyə dair unudulmayan hadisələrdən biridir.

Şübhəsiz ki, Qanlı Yanvar hadisələrinin törədilməsində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycanın o vaxtki rəhbərliyinin, onların səriştəsizliklərinin, hər vəchlə hakimiyyətdə qalmaq, hakimiyyət mübarizəsini xalqın mənafeyindən üstün tutmaq cəhdlərinin də rolu olmuşdur. Heydər Əliyevin Azərbaycan xalqı arasındakı böyük nüfuzundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasətini həyata keçirmək üçün SSRİ rəhbərliyinə yarınmış və Yanvar hadisələrinin qarşısını almaq üçün ciddi tədbirlər görməmişdir.

Ulu Öndər Heydər Əliyev isə böyük siyasi iradə və cəsarət örnəyi göstərərək, Sovet rejiminin qadağalarına baxmayaraq,  həyatını təhlükə qarşısında qoymaq bahasına belə olsa da, 20 yanvarın ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində öz etiraz səsini ucaltmış, 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə silah çevirərək divan tutmuş Sovet Ordusunun amansız əməllərinə qarşı öz kəskin mövqeyini ortaya qoymuşdur. Ulu Öndərin bu etirazı həm də onun həyatının Azərbaycanın müstəqilliyinin təminatçısı rolunu oynayacağı mərhələsinə doğru atdığı  ilk addımı idi. Bu gün də Ulu Öndərin adı yad edilərkən, 20 Yanvar hadisələri xatırlanarkən Ulu Öndərin cəsarət örnəyi, millətə, xalqa, vətənə sevgi nümunəsi olan həmin addımı ilk yada düşən hadisələrdəndir.

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Ulu Öndər isə öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarın qəbul edilməsinə nail oldu. 1994-cü ilin mart ayının 29-da isə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmuş, Şəhidlər Xiyabanın təmir və yenidənqurma işlərinə, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinə böyük diqqət ayırmışdır. Cənab Prezidentin tapşırığı ilə 2010-cu ildə, hadisənin 20-ci il dönümündə Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi ucaldılmış və abidənin açılışını cənab Prezident şəxsən özü etmişdir. Bu günlərdə isə, daha dəqiq desək 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə cənab Prezident 20 Yanvar şəhidlərinin ailələri üçün təsis edilmiş təqaüdün məbləğinin artırılmasına göstəriş vermişdir.

Şübhəsiz ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə ən qanlı günlərdən biri kimi həkk olunmuşdur.  Lakin, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, bu tarix həm də bizim üçün şərəfli bir tarixdir, bu tarix öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının bu amal uğrunda hər cür qurban verməyə hazır olduğunu göstərən şanlı tarixdir. 20 Yanvar hadisələrindən sonra sovet imperiyası Azərbaycanda özünün son dayaqlarını da itirdi. Xalqımız başına gətirilmiş bu böyük faciədən sonra daha da sıx birləşdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə daha da dönməz xarakter aldı və Azərbaycanın müstəqilliyini bərpa etməsi qaçılmaz oldu.

20 Yanvar faciəsinin 33-cü il dönümündə həm faciənin qurbanlarının əziz xatirəsini, həm də bu faciəyə qəhrəmanlıq nümunəsi kimi siyasi-hüquqi qiymət verən, onu bütün dünyaya tanıdan, gələcək nəsillər üçün mənəvi örnək səviyyəsinə yüksəldən  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri