17 yanvar 2023 14:29
1278

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Ölkəmiz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dostluq münasibətlərinə xüsusi önəm verir. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr ötən otuz ildə daha da möhkəmlənib. Müxtəlif sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər strateji əhəmiyyətə malikdir. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində fəxri qonaq qismində iştirakı və çıxış etməsi dövlət başçımızın regionda liderliyinin göstəricisidir. Dövlət başçımız çıxışında bildirib ki, Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur: «Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir."

Deputat diqqətə çatdırıb ki, BƏƏ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi və investisiya qoyması onların da birbaşa marağındadır. Burada əsas nüans ondan ibarətdir ki, bərpaolunan enerjidən istehsal olunan enerjinin 20 faizi daxili bazara yönləndirilsin, 80 faizi isə eksporta getsin. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, logistika, qarşılıqlı investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuş, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti qeyd edilmişdir. Hər iki ölkənin Dördüncü Sənaye İnqilabı  Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.