Ermənilər Laçın aksiyaları ətrafında beynəlxalq hay-küy dalğası qoparmaq üçün səylərini davam etdirirlər. Hədəf və tezisləri bəllidir, əslində 1988-ci ildən başlayaraq dünyaya sırımaq istədikləri tezislərin mahiyyətcə eynisidir, davamıdır. Dünyanın gözləri və qulaqları alışdığı üçün effekt yoxdur, sadəcə prosesə cəlb edilmiş yeni muzdlu təbliğatçıların təsirsiz səsləri eşidilir. Ermənistanın tezisləri budur ki, guya "Azərbaycan Laçın yolunu blokadaya aldığı üçün Xankəndi erməniləri aclıqdan, soyuqdan kütləvi qırılmaq üzrədir". Avropa Parlamentinə "Laçın yolunun blokadası və onun humanitar nəticələri" adlı müzakirə mövzusu da veriblər. Bəzi başqa beynəlxalq kürsülərdə də bu adda müzakirələr təşkil etməyə çalışırlar.
Azərbaycanlıların dinc aksiyasına blokada adı yapışdıran ermənilər əslində bununla hələ 90-cı illərin əvvəllərindən başlatdıqları "Naxçıvanda dəmiryolunu kəsərək Ermənistanı blokadaya alıblar" kimi təblğatların yeni formasını həyata keçirməyə başlayıblar. Ermənistanın Naxçıvan vasitəsilə blokadaya salındığı barədə təbliğatların sonu nə oldu?Ermənilər etiraf edək ki, ilk dövrlərdə bu təbliğatlarında müəyyən hücum mövqeyində və müəyyən qədər haqlı görünməyi bacardılar. İş hətta o həddə gəlib çatmışdı ki, beyəlxalq rəsmi və qeyri-rəsmi dairələrin qarşısında and-aman edirdik ki, biz erməniləri blokadaya salmamışıq və belə planlarımız da yoxdur. Ermənistan bütün gücü ilə Azərbaycana təcavüz edərək ərazimizin 20 faizini işğal etsə də, biz hələ də beynəlxalq humanitar hüququn normalarını öz dövlət mənafelərimizdən üstün tuturduq. Cəsarətlə demək olar ki, bu, o zamanlar üçün Azərbaycan diplomatiyasının ən taktikasız və ən strategiyasız dövrü idi, çünki təcavüzə uğramış ölkə olaraq hər cür müdafiə və hücum haqqına malik olduğumuz halda, Ermənistanı blokadaya salmaq və blokadada saxlamaq haqqımızı danır, bunu açıq bəyan edə bilmirdik .O dövrlərdə ölkəmizin Xarici İşlər naziri postunu kimlərin tutduğunun fərqi yoxdur, bəlli olan odur ki, Naxçıvanda dəmiryolunu bağlamaqla Ermənistanı blokadaya salmağımızı dövlət siyasətimizin əsaslı forması kim açıq bəyan etmirdik və bu həmin illər üçün diplomatiyamızın böyük qüsuru idi.
Prezident İlham Əliyevin "Təcavüzə son qoyulanadək Ermənistanı blokadada saxlamaqda davam edəcəyik, bu bizim dövlət siyasətimizdir" kursunu açıq bəyan etdiyi andan diplomatiyamızdakı bəlli çatışmazlıq aradan qalxdı. Cəsarətlə iddia etmək olar ki, Qarabağ müharibəmizdə böyük dönüş İlham Əliyevin son dərəcə cəsarətli bu yeni kurs bəyanı ilə başladı. Əslində Zəfər də buradan başladı. Bir vaxtlar Ermənistanı blokadada saxlamağı boynumuza zorla qoymaq istəyən dünya birdən-birə tam başqa mənzərə gördü, Azərbaycan Prezidenti dünyanın üstünə yeridi, "blokada haqqımızdır və bunu məqsədli edirik" deyə bəyan etdi. Qarabağ proseslərində Azərbaycanın xeyrinə köklü dönüş belə başladı. Eyni zamanda, Ermənistanın "Azərbaycan bizi blokadaya salıb" kimi təbliğat oyunları onun özünə qarşı çevrildi. Erməni strateqlər elə bilirdilər ki, Azərbaycan həmişə blokadanı danacaq və Ermənistan da blokada mövzusunda əbədi hücum mövqeyində ynayacaq. "Ermənistanın blokadasını məqsədyönlü aparırıq" deyən İlham Əliyev ermənilərin blokada oyununu tam tərsinə çevirdi... Belə demək mümkündürsə, informasiya müstəvisində "1-ci blokada müharibəsi" Azərbaycanın xeyrinə bitdi...
Hazırda informasiya müstəvisində Ermənistanla "2-ci blokada müharibəsinin" içindəyik. Bu müharibənin episentri Laçın yolunda gedən ekoproseslərdi. Azərbaycanın Laçın yolunda Xankəndi ermənilərini blokadaya salmadığı qəti həqiqət olsa da, Ermənistan bunu belə qələmə verməyə çalışır, Naxçıvanla əlaqəli "1-ci blokada müharibəsindən" fərqli olaraq Laçın yolunda hələlik heç bir blokada yoxdur, ermənilərin öz etiraflarına görə bir ayda Xankəndiyə 450-dən çox maşın keçib. Bu sayaq blokad isə olmur...
Ancaq Azərbaycanın Laçın yolunda real blokada taktikasına hələ başlamadığı yalnız bugünkü reallıqdır, sabah nə olacağını isə vəziyyət göstərəcək.. Laçın yolunda hələlik real blokada taktikası tətbiq edilmədiyi halda, Ermənistanın dünya boyunca "Azərbaycan Arsaxı blokada ilə məhv edir" kimi təbliğatlarını davam etdirməsinə təbii ki, əbədi dözümlü olmayacağıq. Ya Ermənistan Xankəndidəki yataqların istismarı üzərində Azərbaycanın nəzarətini qəbul edıcək, ya da Azərbaycan Laçın yolunda real blokada taktikasını tətbiq edəcək... Üçüncü yol mümkündürsə, o, ikincidən sonra gələ bilər...
Aydın Quliyev
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir