20 dekabr 2022 16:03
585

Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

“İki sahil” xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət edib. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib.

Lakin Gəncə təmsilçisinin bundan artığına gücü çatmayıb. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb.

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi” - “Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raunfun matçları aprelin 19-da və 27-də keçiriləcək.