“Paris Saint-Germain”də bir yerdə oynayan Lionel Messi və Kilian Mbappe Dünya Çempionatının finalında Argentina və Fransa formaları ilə üz-üzə gələcək.
Bir tərəfdə son dəfə mundialda oynadığını açıqlayan Lionel Messi, digər tərəfdən bu kuboku ikinci dəfə ardıcıl qazanmaq istəyən Kilian Mbappedir. Mbappe qalib gəlsə, Peledən sonra ardıcıl iki Dünya Kubokunu qazanmağı bacaran ikinci ulduz futbolçu olacaq. Belə olan halda isə Messi evə əliboş qayıdacaq.
Messi Maradona müqayisəsi
Messinin kuboku qazana bilməməsi Dieqo Maradonanın taxtına ortaq ola bilməməsi kimi dəyərləndiriləcək. Çünki onu həmişə əfsanəvi futbolçu ilə müqayisə edirlər. Amma kuboku qazanarsa, ən pis halda Maradonanın uğurunu təkrarlamış olacaq.
İkinci dəfə final həyacanını yaşayacaqlar
Həm Messi, həm də Mbappe Argentina-Fransa Dünya Kubokunun finalı ilə bu həyəcanı ikinci dəfə yaşayacaqlar. Messi Argentina ilə DÇ-2014-ün finalında Almaniyaya 1-0 hesabı ilə məğlub olmuşdu. Mbappe isə 19 yaşında DÇ-2018-də Fransanın Xorvatiyaya üzərində 4:2 hesablı qələbəsi ilə bu sevinci yaşayıb.
Messidən 5 qol, 3 assist
35 yaşlı Messi finala qədər 5 qol və 3 məhsuldar ötürmə ilə oynayıb. Superulduz Qətərdə əvvəlki turnirlərlə müqayisədə daha çox liderlik qabiliyyəti ilə seçilir.
Mbappedən 5 qol, 2 assist
23 yaşlı fransız ulduz Mbappe 5 qol və 2 məhsuldar ötürmə ilə bu nəhəng finala çıxacaq. Yüksək sürəti və qeyri-adi driblinqləri ilə özünəməxsus üsluba malik olan Mbappenin komanda yoldaşı Messi ilə finalda qarşılaşmaq da ayrı bir motivasiya mənbəyi olacaq.
“PSJ”-də iki mövsümdür ki, bir yerdə oynayan futbolçulardan ən böyük gözlənti Çempionlar Liqasını qazanmaqdır. Onlar hələ ki, bunu bacara bilməyib.
Messinin 4 Çempionlar Liqası kuboku var
Argentinalı ulduz Messi "Barselona" forması ilə 4 dəfə UEFA Çempionlar Liqasını qazanıb. Fransız ulduz Mbappe isə hələ də bu uğura imza ata bilməyib. Mbappenin mövsümün sonunda “PSJ”də qalıb-qalmayacağı hələ dəqiq deyil. Onun adı tez-tez “Barselona” ilə hallanır.
Vüsal Cahanov, “İki sahil”