14 dekabr 2022 00:55
1151

Futbol üzrə dünya çempionatında ilk finalçı - Argentina

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 3-cü qol vurulub.

69-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Xulian Alvares rəqibi növbəti dəfə məyus edib - 3:0.

Bu, 22 yaşlı hücumçunun xorvatlarla matçda 2-ci, mundialda isə 4-cü qolu olub.

***

Cənubu Amerika təmsilçisinin hücumçusu Xulian Alvares 39-cu dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda ilk qol vurulub.

“İki sahil” xəbər verir ki, 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

Bu, 35 yaşlı hücumçunun cari mundialda 5-ci qolu olub.