06 dekabr 2022 10:25
520

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komanda mübarizəyə avqustun 18-də başlayacaq.

Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmanın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.

Milli AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.