Dünya çempionatında A qrupunun oyunları başa çatıb.
“İki sahil” xəbər verir ki, bu qarşılaşmalardan sonra daha 2 komandanın 1/8 finala vəsiqə qazanması dəqiqləşib.
Bunlardan biri - Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub. "Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.
Seneqal millisi də 1/8 final mərhələsinə vəsiqə qazanıb. Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.
Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib. Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.
Bununla da 1/8 finala çıxan komandaların sayı 5 olub. Bundan öncə isə Braziliya, Fransa və Portuqaliya 1/8 finaıa vəsiqə qazanmışdı.