13 sentyabr 2022 23:43
1190

Peşəkar olmaq üçün seçdiyin sənəti dərindən bilməlisən

“İki sahil”in müsahibi neftçi alim, Prezident təqaüdçüsü Rafiq Abdullayevdir

Azərbaycan neft sənayesinin inkişafına böyük töhfələr vermiş, buruq tikintisi, qazma avadanlığının etibarlılığı və qazma işlərində ətraf mühitin qorunması sahələrində bir sıra elmi-tədqiqat işlərinin, layihələrin, elmi məqalələrin və metodiki vəsaitlərin müəllifi Rafiq Qəzənfər oğlu Abdullayev, eyni zamanda, neft sənayesinin aparıcı sahələrinin tarixinin araşdırılması və sistemləşdirilməsi üzrə çoxsaylı məqalələrlə dövri mətbuatda, “Azərbaycan Neft Təsərrüfatı” jurnalında və konfranslarda çıxış etmişdir. O, Azərbaycan və ingilis dillərində nəşr olunmuş irihəcmli “Azərbaycan nefti” (2010-cu il) kitabının mətninin və Azərbaycanda neft geologiyasının yaranması və inkişafı tarixinə həsr olunmuş “Promoteydən bu günə qədər” (2014-cü il) kitabının həmmüəllifidir. Məşhur neftçi 2013-cü ildən təqaüddədir.

Xatırladaq ki, R.Abdullayev neft-qaz sənayesinin inkişafında səmərəli xidmətlərinə görə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

- İstərdim ki, Rafiq müəllimi yaxından tanıyaq. Sizdə neftçi olmaq istəyi necə yaranıb? Ümumiyyətlə, nə zaman qərar verdiniz ki, həyatınızı neft sənayesinə, onun inkişafına həsr etmək istəyirsiniz?

- 1946-cı il avqust ayının 30-da Naxçıvan şəhərində doğulmuşam. 16 yaşıma qədər uşaqlığım da orada keçib. Sizə maraqlı tarixçə danışmaq istəyirəm. Mənim 6-7 yaşım olanda məşhur “Neftçi Qurban” mahnısı vardı. Dillər əzbəri olan mahnı idi. Yəqin ki, mən də o mahnının təsiri altında idim. Məndən soruşanda ki, böyüyəndə nəçi olacaqsan? Cavab verirdim ki, neftçi olacağam.

Çox kiçik yaşlarımdan orta məktəbə getmişəm. Riyaziyyata, fizikaya, kimyaya böyük həvəsim vardı. Ümumiyyətlə, məktəbdə əlaçı idim. 1962-ci ildə məktəbi bitirəndə hələ heç 16 yaşım yox idi. İnstituta sənəd vermək üçün mütləq pasportum olmalı idi. Pasportu iyun ayında almalı idim ki, iyulda artıq sənədlərimi Bakıya gətirim. O zaman böyük qardaşım Azərbaycan Dillər İnstitutunda oxuyurdu. Mənə demişdi ki, texniki cəhətdən Azərbaycan Sənaye İnstitutu (Az.Sİ) güclüdür. Pasportumu aldım, Bakıya gəldim və instituta daxil olmaq üçün sənədlərimi təqdim etdim. İmtahanları müvəffəqiyyətlə verdim və həmin il Az.Sİ-nin Neft-mexanika fakültəsinə daxil oldum.

Yeri gəlmişkən, qeyd edim ki, o zamanlar gündüz şöbəsi bir həftə oxuyurdu. Digər həftə isə tələbələr öz sahələri üzrə işləyirdilər və bu, bizə çox şey qazandırırdı. Ona görə də Az.Sİ-nin gündüz şöbəsi 6 illik idi. Mən o vaxt sahəmə uyğun olaraq Neftayırma zavoduna düşdüm. İki ildən sonra orada ikinci dərəcəli çilingər oldum. Ailə vəziyyətimlə əlaqədar olaraq məcbur olub axşam şöbəsinə keçdim. Sonra 26 Bakı Komissarı adına indiki Bayıl mədənində 1968-ci ilə qədər çilingər işlədim. Artıq V kursdan məni zavoda mühəndis kimi dəvət etdilər. Bir ildən sonra texniki şöbənin rəisi oldum. Ondan sonra bir müddət “Qazaparat” zavodunda sex müdiri işlədim. Keşlə Maşınqayırma Zavodunda çalışdım. Həmin dövrdə həm də əsgərliyə getdim. Bir il hərbi xidmətdə qulluq etdim. 1973-cü ildə qayıdandan sonra həyatımı yenidən neft sənayesi ilə bağladım. “Neftqazelmitədqiqat” İnstitutunda buruq avadanlığı və buruq quraşdırılma laboratoriyası açılmışdı. Məni oraya böyük mühəndis kimi işləməyə dəvət etdilər. Üç ildən sonra laboratoriya müdiri oldum. 1981-ci ildə artıq məni “Azneft” İstehsalat Birliyində baş mexanik vəzifəsinə dəvət etdilər. Orada da beş il işləyəndən sonra Bolqarıstana ezam olundum. 1991-ci ildə oradan qayıtdım. Elə həmin ildə “Azərineft” Dövlət Konserni yarandı. Konserndə baş mexanik işlədim. 1992-ci ildə Dövlət Neft Şirkəti yarananda şirkətin Prezidentinin köməkçisi vəzifəsinə dəvət aldım. 9 il də orada işlədim. 2001-ci ildə Yanacaq və Energetika Nazirliyi yarananda məni katibliyin rəhbəri kimi oraya dəvət etdilər. Beş il də orada işlədim. 2008-ci ildə Neft Muzeyinin yaranması işlərində onlara kömək etmək üçün dəvət etdilər. 2013-cü ilə qədər də bu işlərlə məşğul oldum. İndi də təqaüddəyəm.

- Rafiq müəllim, deyirlər hər sahənin öz çətinliyi var. Amma neft sahəsi həqiqətən əzm, işgüzarlıq, daim inkişaf tələb edən sahədir. Maraqlıdır, hansı insanlar neft sahəsini sevir?

- SSRİ dövründə ən çox kapital metallurgiya sənayesindən sonra neft sənayesinə qoyulurdu. Həmin dövrün pulu ilə təqribən bu sahəyə 22-24 milyard rubl kapital qoyulurdu. Bu, çox böyük məbləğ idi. Sibirdə fontanlar dövrü var idi. Ancaq Azərbaycanda fontanlar dövrü artıq 1940-cı illərdə, hətta bir qədər ondan əvvəl qurtarmışdı. Artıq dərin quyular qazmaq lazım idi. 1949-cu il noyabrın 7-də “Neft Daşları”nda ilk quyu qazıldı və onun təntənəli açılışı oldu. Dəniz nefti isə daha çox kapital tələb edirdi. Neftçi peşəsi özü çox çətin sahədir. Neft sənayesində ən ağır sahə qazmadır.

- Bu sahənin çətinliklərindən danışdınız. Yəqin ki, iş prosesində siz də dəfələrlə çətin situasiyalara düşübsünüz. Belə çətin peşəni seçdiyiniz üçün nə vaxtsa peşman olmusunuzmu?

- Xeyr, heç vaxt. Mənim xəmirim neftlə yoğrulub. İndi niyə neft tarixini yazıram? Ona görə ki, bizim neft tariximiz həqiqətən çox sanballı, dünyaya təqdim olunmalı tarixdir. 2010-cu ildə materialı mən hazırlayıb AMEA-nın Tarix İnstitutuna təqdim etdim. Orada Cəbi Bəhramov (hazırda icraçı direktordur) və institutun direktoru Yaqub Mahmudov həmin materialı çox bəyəndilər. Onlar da mənə xeyli material verdilər. İndi ikimiz bir yerdə işləyirik. Elə də qeyd olunub: “Mətnin həmmüəllifləri Cəbi Bəhramov və Rafiq Abdullayevdir.” Kitab isə “Azərbaycan nefti” adlanır və Azərbaycan, ingilis dillərində nəşr olunub. Ölkəmizə gələn qonaqlara təqdim edilir, xaricdəki bütün diplomatik nümayəndəliklərimizə göndərilib. Fikir vermişəm ki, bəzən bizim diplomatik nümayəndəliklərdə tədbirlər təşkil olunanda o kitab həmişə nümayiş etdirilir. Sonra isə təxminən 1166 səhifəlik yeni neft tarixi kitabı üzərində işləmişəm. Burada artıq hər bir sahənin – geologiyanın, geofizikanın, qazmanın, neftayırmanın, neft-kimyanın tarixindən bəhs olunur, 9 fəsildən ibarətdir. Yenə də AMEA-nın Tarix İnstitutuna təqdim etmişəm. Çox bəyəniblər və müsbət rəy də veriblər.

- Rafiq müəllim, inanmırıq ki, həyatının çox hissəsini neft sənayesinə həsr edən bir insanın maraqlı xatirələri olmasın...

- Təbii ki, maraqlı xatirələrim var. Azərbaycan iqtisadiyyatının əsas bazası neft sənayesi idi. Ona görə bu peşəni seçən adam həm də fəxr edirdi ki, mən ölkəm üçün işləyirəm, ölkəyə nəsə verirəm. Təbii ki, əməkhaqqı alırsan. Əsas məqsəd o idi ki, sənin işlədiyin bu bazanın üstündə Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirsin. Xüsusən bu, özünü iki məqamda büruzə verdi. 1941-45-ci illərin İkinci Dünya müharibəsi vaxtı Sovet İttifaqının faşizm üzərində qələbəsinə Azərbaycan neftçilərinin verdiyi töhfə danılmazdır. Bütün dünya bunu qəbul edir. Azərbaycan nefti olmasaydı SSRİ-nin heç bir qələbəsindən danışmaq mümkün deyildi. İkincisi isə bizim müstəqillik dövrümüzdür. Bu dövrdə yenə də Azərbaycan neftçilərinin əməyi iqtisadi müstəqilliyimizin möhkəmlənməsinə və bugünkü inkişaf, tərəqqi bazasının yaranmasına töhfə verdi.

- Söylədiniz ki, hər zaman çalışmısınız ki, ölkəmizin inkişafına öz töhfənizi verəsiniz. Müsahibələrinizin birində də diqqətə çatdırmısınız ki, mən Azərbaycan üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Bu günün prizmasından keçilən yola baxdıqda deyə bilərsinizmi nələr etmisiniz?

- Birincisi onu deyim ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndə Azərineft Dövlət Konserni yarandı və bir il fəaliyyət göstərdi. Mən oraya baş mexanik vəzifəsinə gətirildim. Ancaq orada elə bir fəaliyyət göstərmək imkanı yox idi. 1992-ci ildə isə bu il artıq 30 illiyini qeyd edəcəyimiz SOCAR (o vaxtkı ARDNŞ) yarananda məni oraya prezident köməkçisi vəzifəsinə dəvət etdilər. Sizi inandırıram ki, mənim həyatımın ən gözəl vaxtları orada fəaliyyət göstərdiyim 9 ildə olub. Mən orada hiss etdim ki, 30 il ərzində neft sənayesində hansı bilikləri əldə etmişəm. Burada müxtəlif sahələrdə hansı işlərin görüləcəyi ilə bağlı müəyyən qədər təsəvvərüm var idi. Ona görə də bu vəzifəyə dəvət alanda mən bu işə böyük məmnuniyyətlə gəldim. Bundan sonra bütün fəaliyyətimi yönəldirdim ki, xarici neft şirkətləri ilə bizim əlaqələrimiz sıx və möhkəm olsun. O zaman çox böyük çətinliklər var idi. Birincisi, ona görə ki, o dövrdə Azərbaycanda böyük kapital yox idi, müharibə gedirdi. İkincisi, neft hasilatı getdikcə azalırdı. Yeganə xilas yolu o idi ki, xarici neft şirkətlərini ölkəmizə dəvək edək, onların kapitalını, sərmayəsini bizim neft sənayesinə cəlb edərək inkişaf etdirək, gələcəkdə isə dirçəldikdən sonra öz kapitalımızla irəliləyək. O dövrdə mən SOCAR prezidentinin köməkçisi kimi əlimdən gələni edirdim ki, xarici neft şirkətləri Dövlət Neft Şirkətinə gələndə hiss etsinlər ki, onlar Azərbaycan üçün lazımdırlar. 1994-cü ilin sentyabr ayının 14-də qərara alındı ki, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalansın. Təbii ki, həmin mərasimə çox qısa bir zaman – 5 gün qalmışdı. Dövlət başçısının Prezident aparatına, Xarici İşlər Nazirliyinə və Dövlət Neft Şirkətinə  müvafiq tapşırığı var idi ki, Gülüstan sarayı “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı mərasimə hazır olmalıdır. Ancaq bütün işlər SOCAR-da cəmləşdiyi üçün təbiidir ki, ağırlığın çox hissəsi bu şirkətin üzərinə düşürdü. SOCAR prezidentinin köməkçisi kimi mənim üzərimə böyük məsuliyyət düşürdü. Çox fəxr edirəm ki, imzalanma mərasimindən sonra SOCAR-ın o zamankı prezidenti mərhum Natiq Əliyev məni kabinetinə çağırdı. Bildirdi ki, sən bu təşkilati məsələlərdə böyük rol oynamısan. Sonra da “Əsrin müqaviləsi”nin imzalanma qələminin birini hədiyyə etdi və dedi ki, bunu saxla, bu, tarixi qələmdir. Mən isə Natiq müəllimə dedim ki, Siz mənə həyatımın ən böyük bəxşişini verdiniz, bunun qiyməti yoxdur.    

- Bəs sizə təqdim olunan digər qələm hansıdır?

- Bu, “Şahdəniz” müqaviləsinin imzalanma qələmidir. Üstündə də “Şahdəniz” yazılıb. BP şirkəti gələndə imzalanma qələmlərini gətirib mənə göstərdilər. Yenə də dedim ki, gedin üstündə “Şahdəniz – 1996-cı il” yazın. Hazırda “Şahdəniz” yatağının Azərbaycan iqtisadiyyatında böyük rolu var, bizi bütün dünyada məşhur edib. Hələlik Azərbaycanın qazı yalnız “Şahdəniz” yatağından hasil edilərək Avropaya çatdırılır. Gələcəkdə “Abşeron”, “Babək”, “Ümid” yataqları da istismara veriləndən sonra bizim qaz ehtiyatlarımız daha da artacaq. Hardasa biz dünya bazarına 40 milyard kubmetrədək qaz sata bilərik. Bunlar hamısı tarixi məqamlardır. Fəxr edirəm və xoşbəxtəm ki, bu tarixi məqamların iştirakçısı olmuşam.  

- Rafiq müəllim, istərdik ki, bir az da yaradıcılığından danışasınız. Bilirik ki, bir çox kitabların, şeirlərin müəllifisiniz. Sizdə bu sahəyə maraq haradan yaranıb?

- Mənim böyük qardaşım da 3 şeir kitabının müəllifidir. 2020-ci ildə rəhmətə getdi. O vaxtlar “Azərbaycan gəncləri” qəzetinə göndərirdi, bəzi şeirləri dərc olunurdu. 9 yaşımda idim. Bir dəfə mən də həvəsə düşdüm, “Bahar” adlı şeir yazdım və Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinə apardım. Qəzetin Məftun adlı bir əməkdaşı var idi, bu işlərə baxırdı. Şeirə baxdı və dedi ki, sən çox yaxşı yazmısan. Sən bu şeiri Naxçıvan radiosunda oxu, hamı eşitsin ki, 9 yaşlı uşaq belə bir şeir yazıb. Getdim orada bu şeiri oxudum, hətta mənə o vaxtın pulu ilə 36 manat qonorar verdilər. 1961-ci ilin valyutası ilə 3 manat 60 qəpik edirdi. O zaman şahmat oynamağı öyrənirdim. Bu pula özümə bir ədəd şahmat dəsti aldım ki, evdə özüm üçün məşq edim. Beləcə ilk şeirimi yazdım. Sonra elə oldu ki, mən daha çox texniki elmlərə meyil göstərdim. Ona görə də şeir yazmağa həvəsim olmurdu. Ali məktəbə qəbul olunandan sonra irimiqyaslı “Sevgilim” adlı şeir yazdım. Sonra yenə bu işə uzun müddət həvəsim olmadı. Daha sonra “Biləydin gərək” adlı, 1970-ci illərdə isə bir neçə başqa şeir yazdım. 1980-ci illərdə Bolqarıstanda olanda daha bir neçə şeir yazdım. 1990-cı illərdə isə SOCAR-da prezident köməkçisi olanda demək olar ki, şeirə heç yaxın dura bilməmişəm. Ona görə ki, mən gündə azı 12 saat işləyirdim. Evə ən tez gedən vaxtım axşam saat 9 olurdu. Təqaüdə çıxandan sonra boş vaxtım çox olur və şeir yazmaqla daha çox məşğul oluram.

- Maraqlı həmsöhbət oldunuz. Siz bir çox rəhbər vəzifələrdə çalışmısınız, illərinizi şərəfli neftçi peşəsinə həsr etmisiniz. Sizcə, həyatda uğur qazanmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?

- Bunun üçün birincisi, insanda paxıllıq hissi olmamalıdır. Ona görə ki, paxıllıq insanın ən böyük düşmənidir. İkincisi, zəhmətkeş olmalısan. Üçüncüsü, peşəkar olmaq üçün seçdiyin peşəni dərindən bilməlisən. O zaman sənə hamı hörmət edəcəkdir. Nə qədər peşəkarlığın və insanpərvərliyin yüksəkdirsə, bir də paxılllığın yoxdursa, deməli düşmənin də azdır. Bunlar insana imkan verir ki, ona gələcək fəaliyyətində qiymət versinlər. Dördüncüsü insanın təşkilatçılıq bacarığı olmalıdır. Bu, isə Allah vegisidir. İnsan çox ağıllı, alim, akademik ola bilər. Ancaq hər adam təşkilatçı ola bilmir. Yəni, bir işi sənə tapşıranda onu təşkil etməyin yollarını tapmalısan ki, o iş yüksək səviyyədə olsun. Hesab edirəm ki, bütün bunlar mənim həyat amallarımdır. Həyatım boyu heç vaxt vəzifə dalınca getməmişəm. Məni vəzifəyə dəvət ediblər.

Cavid Əkbərov,
Könül Əliyeva, 
“İki sahil”