09 sentyabr 2022 18:32
529

"Turan Tovuz" 4-cü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

“İki sahil” xəbər verir ki,  açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Xalı olmayan "Kəpəz" isə sonuncudur.

Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.