17 avqust 2022 02:14
646

Azərbaycanın “qızıl”ları...

İdmançılarımız həmrəylik oyunlarında qələbə əzmi ilə mübarizə aparırlar

İslamiada iştirakçı ölkələrin idman bayramıdır, desək, doğru olar.

Bütün Azərbaycan qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını diqqətlə izləyir. İdmançılarımız yarışlarda qələbə əzmi ilə mübarizə aparırlar. Onlar öz parlaq qələbələri ilə sübut edirlər ki,  Azərbaycan idman ölkəsidir. Yarışların 11-ci günündən sonra güləşçimiz Hacı Əliyevin öz çəki dərəcəsində çempion titulu qazanması nəticəsində Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib. İdmançılarımızın əzmkarlığı ilə qazanılan medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürüncdür.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin sırasında  hələlik 4-cü yeri tutub. Ancaq bu, hələ son nəticə deyil, yarışlar davam etməkdədir. Şübhəsiz ki, medalların sayı artacaq. Mümkündür ki, ölkəmiz bir, ya da iki pillə də yüksəlsin. Bu, təbii ki, bizim arzumuz və gözləntimizdir, sözü meydana çıxan idmançılarımız deyəcək.

Razılıqla qeyd edə bilərik ki, Azərbaycanın milli yığması medallarını 15 növdə – güləşdə (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastikada (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobikada (2 qızıl, 3 gümüş), qılıncoynatmada (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondoda (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdoda (1 qızıl, 2 gümüş, 1 bürünc), atletikada (1 qızıl, 2 gümüş), ağırlıqqaldırmada (1 gümüş, 3 bürünc), atıcılıqda (1 gümüş) həndbolda (1 gümüş), üzgüçülükdə (1 gümüş), para-oxatmada (2 bürünc), para-stolüstü tennisdə (1 bürünc) və voleybolda (1 bürünc) qazanıb.

Yarışların növbəti mərhələlərində ümidverici idmançılarımızın sayı çoxdur. Əminik ki, onlar Azərbaycanın qızıllarının sayını artıracaqlar. Əlbəttə, gərgin mübarizələrdə qazanılan qələbələr bizi qürurlandırır və idmançılarımıza yeni uğurlar arzulayırıq.

Vəli Yusifoğlu, “İki sahil”