16 avqust 2022 10:14
1051

Fəridə Əzizova: İslamiadada özümüzü ev sahibi kimi hiss edirdik

"İslamiada çox yaxşı keçdi. Qardaş ölkədə olduğu üçün özümüzü ev sahibi kimi hiss edirdik".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvondoçu Fəridə Əzizova Bakıda qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

67 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı yarışın çox çətin keçmədiyini bildirib: "Avropa və dünya çempionatlarında mənim daha güclü rəqiblərim var. Ona görə çətinlik orta səviyyədə idi".

Əzizova ilin sonunadək dünya çempionatı və Qran-prilərə qatılacaqlarını söyləyib: "Məşqlərimizə davam edəcəyik. Növbəti turnirlərdə də yaxşı çıxış etməyə çalışacağıq".