12 may 2022 21:05
871

“Tələbə Kuboku” mini futbol turniri keçirilib

06-11 may 2022-ci il tarixlərində Məktəb-Lisey Kompleksində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turniri keçirilib.

“İki sahil” xəbər verir ki, turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

Turnirin bağlanış mərasimində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri və futbolçu tələbələr iştirak etmişdir.

Bağlanış mərasimində dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılmış, Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirilmişdir.

Qeyd edək ki, turnirdə 11 komanda iştirak etmiş: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin,  Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Qərbi Kaspi Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Bizens və Kooperasiya Kollecin, “Bakı Avrasiya” Kollecin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin komandaları.

Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, II yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin, III yeri “Bakı Avrasiya” Universitetinin və IV yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin komandaları tutmuşdur.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.