11 may 2022 15:34
807

“Naxçıvan Open 2022” beynəlxalq şahmat turniri keçirilir

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Naxçıvan Open 2022” beynəlxalq şahmat turniri keçirilir.

“İki sahil” xəbər verir ki, ilk turlarda favorit şahmatçılar rəqibləri üzərində qələbələr əldə etdilər. Lakin 4-cü turda yarışının ilk 4 əmsalına malik şahmatçılar xal itirdilər.  4 xal ilə isə 6 şahmatçı - Rəşad Həsənov, Sadiq Məmmədov, İsmayıl Şıxaliyev, Morteza Əsgəri (İran), Rəşad Zeynallı  və  Toğrul Həsənzadə yarışa liderlik edirlər.

Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə dörd ölkədən Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla 210 zəka sahibi mübarizə aparır.

Reqlamentə əsasən, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya oyunun sonunadək 90 dəqiqə və  1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə vaxt verilir.