Azərbaycanın cənub qapısı sayılan Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətlə silsilə tədbirlər ara vermir. Belə tədbirlərdən biri Astara Dənizkənarı Park Bulvar Kompleksində baş tutdu. Belə ki, burada Astara Rayon İcra Hakimiyyəti, YAP Astara rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi ilə birgə məktəblilər arasında kross qaçışı üzrə Astara rayon çempionatı keçirildi.
Tədbirin açılış mərasimində çıxış edənlər yarışın məqsədini açıqladılar. Bildirildi ki, görkəmli dövlət xadimi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Atletika idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili əsas götürülüb.
Yarışda 9 komanda- Astara şəhər 1, 2, 3, 4, 5, 6, 7 saylı, Suparıbağ və Şüvi kənd tam orta məktəblərin komandalarını təmsil edən 54 nəfər idmançı öz gücünü ortaya qoydu. Qızlar 400 metr, oğlanlar isə 800 metr məsafəyə qaçışda mübarizəyə qoşuldular. Astara şəhər 1 saylı tam orta məktəbini təmsil edən Leyla Həsənli finiş xəttini birinci keçdi. Astara şəhər 7 saylı tam orta məktəbinin şagirdi Zeynəb Rzayeva yarışın ikincisi oldu. Üçüncü yeri isə Şüvi kənd tam orta məktəbinin şagirdi Dinarə Mahmudova qazandı. 800 metr məsafəyə oğlanlar arasında qaçışda I yerə Astara şəhər 2 saylı tam orta məktəbinin şagirdi Rüfət Məmmədov, II yerə Suparıbağ kənd tam orta məktəbindən Məhəmməd Məmmədov, III yerə Astara şəhər 3 saylı tam orta məktəbinin şagirdi Ramazan Əlizadə layiq görüldülər.
Gərgin mübarizə şəraitdə keçən yarış başa çatandan sonra qaliblər mükafatlandırıldı. Fəxri yerləri görə idmançılara diplom, medal və hədiyyələr verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB