03 may 2022 21:02
1118

Qurban Qurbanov səkkizqat ölkə çempionudur

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu bəlli olub.

“İki sahil” xəbər verir ki,  yubiley – 30-cu çempionatın qalibi adına “Qarabağ” yiyələnib.

Ağdam klubu XXV turun ilk günündə titulu rəsmiləşdirib. “Sabah”ı qəbul edən Qurban Qurbanovun yetirmələri qızıl medalların təmin olunması üçün kifayət edən nəticəyə imza atıb – 1:1.

Bununla da xal hesabını 59-a çatdıran “Qarabağ” izləyiciləri üçün əlçatmaz olub. İkinci olan “Neftçi”nin 4 oyunu qalsa da, aktivində 47 xal var.

Sona üç tur qalmış qızıl medalları təmin edən “Qarabağ” tarixində 9-cu dəfə çempionluğu bayram edib. Bununla da ağdamlılar “Neftçi”nin rekordunu təkrarlayıb.

Bu, son 9 ildə 8-ci çempionluqdur. Bu uğurlar Qurban Qurbanovun rəhbərliyi altında əldə olunub. Səkkizqat ölkə çempionu olan mütəxəssis bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, “Neftçi” və “Qarabağ”dan başqa, “Kəpəz” üç, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 çempionluq qazanıb, yarımçıq qalan 2001/02 mövsümünün qalibi müəyyənləşməyib.