02 may 2022 15:41
1335

Şirvanda Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinə 100-ə yaxın məktəbli qoşulub

Şirvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq, şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil, mədəniyyət ocaqlarında videokonfranslar, sərgilər təşkil edilir və Ulu Öndərin elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir.

“İki sahil” xəbər verir ki, tədbirlərin davamı olaraq ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib. Əvvəlcə Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə İsmayılova, Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Ramil Tağıyev və məktəbin kollektivi Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Mərkəzin direktor əvəzi Fəridə Yahyayeva Ümummilli Liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Yarışın açılış mərasimi Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbində keçirilib. Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə İsmayılova və Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Ramil Tağıyev yarış iştirakçılarına uğurlar arzu edib. Daha sonra İştirakçılara yarışın keçirilmə qaydaları elan olunub. Yarışda məktəbin 100-ə yaxın şahmatçısı mübarizə aparıb. Qalib idmançılar məktəbin rəhbərliyi tərəfindən diplom, medal və digər hədiyyələrlə təltif olunub.