31 mart 2022 02:58
751

Misli görünməmiş soyqırımı aktı

Düz 104 il bundan əvvəl martın sonlarında Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirildi. Ermənilər 1918-ci il  martın 31-dən başlayaraq aprelin 3-dək qadın, qoca, uşaq demədən azərbaycanlıları ən vəhşi üsullarla qətlə yetirərək soyqırımı törətdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən erməni cəlladı Stepan Şaumyan azərbaycanlıların kütləvi qırğınının birbaşa təşkilatçısı və rəhbəri idi. 1918-ci ilin əvvəllərində, mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin ilin martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər.

Bakı hadisələrinə şahidlik edən  Kulner soyadlı bir alman gördüklərini belə təsvir edirdi: “Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürdü, qılıncla parçaladı, süngü ilə dəlik-deşik etdi.  Qırğından bir neçə gün sonra 87 azərbaycanlının cəsədi çuxurdan çıxarıldı. Cəsədlərin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, bəzi orqanları doğranmışdı. Uşaqlara mərhəmət etməyən ermənilər, qocaları da xüsusi amansızlıqla qətlə yetirmişdilər ”.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə İstintaq Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: “Nikolay (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar”...

Martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qəsdən amansızlıqla öldürüldü. 1918-ci ildə ermənilər Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Bakının digər yerlərində mülki şəxslərə qarşı soyqırımı törədərək - yüz minlərlə insanı öldürərək kəndləri yandırdılar, tarixi abidələri dağıtdılar.

Soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü, Şamaxıda 58 kənd dağıdıldı, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edildi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan misli görülməmiş qətliam həyata keçirildi.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Tarixçilərimiz və siyasi xadimlərimiz hesab edirlər ki, bu Fərman Azərbaycanın bugünkü və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Çünki əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31- nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması əksini tapmışdır.

Günel Eyyubova, “İki sahil”