31 mart 2022 00:58
951

Kütləvi məzarlıqlar:  Erməni vandalizminin əyani sübutu

On doqquzuncu yüzilliyin əvvəllərində tarixi Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal edilməsindən və ermənilərin müxtəlif dövrlərdə Türkiyədən və İrandan Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlılara qarşı ardıcıl qanlı soyqırımı siyasəti həyata keçirilmişdir. Zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar məhz bu soyqırımı siyasətinin bariz nümunəsidir.

Xüsusilə erməni barbarları Birinci Qarabağ müharibəsində amansızcasına qətlə yetirdikləri azərabycanlıları kütləvi məzarlıqlarda basdıraraq izləri itiriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xo­calıda baş verib. Xocalıda girov götürülən 1275 nəfərdən 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakinini işgəncələrlə qətlə yetirib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin ötən il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin yanvarında uğursuz Daşal­tı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlar­dan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi bas­dırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Baş­lıbel kəndidir. 1993-cü ilin aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürüb, 18 nəfəri qətlə yetiriblər.

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Bu günlərdə Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir. Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin əyani təsdiqidir. Bundan əvvəl Kəlbəcərin Başlıbel kəndində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanmışdı. Bundan başqa, ötən ay Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.

Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ Müharibəsində Ermənistanın Qa­rabağda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürül­müş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır. Belə ki, ölkəmizin başçısı 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı bir daha bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir: “Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb”.

Prezident İlham Əliyev, həmçinin 2022-ci il fevralın 23-də Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyinə müsahibəsində Ermənistan rəhbərliyini kütləvi məzarlıqların yerlərinin bildirilməməsinə görə ittiham etdmişdi: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmı­şıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?”.

Göründüyü kimi, Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verəcək.

Zahid Rza, “İki sahil”