31 mart 2022 00:00
789

Erməni vəhşiliyinin bariz nümunəsi

1918-ci ilin 31 mart soyqırımından 104 il ötür

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımları təşkilatlanmış və planlı siyasət kimi həyata keçirmişlər. Bunun üçün onlar hələ 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə “Daşnaksütyun”, 1895-ci ildə Nyu-Yorkda “Erməni vətənpərvərliyi ittifaqı” adlı siyasi-terror təşkilatlarını qurublar. Sadalanan təşkilatların fəaliyyətinin əsasında azərbaycanlılara qarşı əvvəlcədən planlaşdırılmış ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək istəyi dayanırdı. Təkcə XX əsrə nəzər salmaq kifayətdir ki, erməni-daşnak quldur birləşmələri və onların havadarlarının azərbaycanlılara qarşı kütləvi qırğınlarını, xalqımıza yerini-yurdunu tərk edib sürgünlük taleyi yaşatmaları haqda yaşanmışların şahidi olaq. Bütün bu cinayətlərin, böyük fəlakətlərin başında torpaq iddiaları dururdu. Ardıcıl olaraq 1905-1906, 1914-1916, 1918- 1920, 1948-1953, 1988-ci illərdə baş verən qırğınlar erməni faşizminin, vəhşiliyinin ən bariz nümunəsidir.

Ermənilər və ermənipərəst qüvvələr nə qədər tarixi saxtalaşdırmağa cəhd etsələr də Çar Rusiyasının arxiv sənədləri, ermənilərin köçürülməsi ilə bağlı verilən təlimatlar, imperatorun göstərişləri və digər sənədlər tarixi həqiqətləri sübut edir. Onu da qeyd edək ki, XIX əsrin əvvəllərində Rusiya imperiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. İmperiya bu yolla Cənubi Qafqazda möhkəmlənmək niyyətində idi. Nəticədə Türkmənçay və Ədirnə müqavilələrinə əsasən, ermənilərin həm Qacarların İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə Cənubi Qafqaza, yəni Şimali Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bunun üçün isə ilk olaraq qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlər sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsilə əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirdilər.

Artıq 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Qafqazın fövqəladə komissarı təyin olunmuş Stepan Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Şaumyanın ciddi səyləri ilə Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdılar. Onlar Bakını inqilabla əks-inqilab aramında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Vəhşi, azğınlaşmış ermənilər dinc azərbaycanlıları qırmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram, süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Dəhşətli soyqırımına məruz qalan əliyalın azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Onu da qeyd edək ki,daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Şamaxıda, Lənkəran, Hacıqabul, Salyan, Şuşa, Göyçay, Zəngəzur, Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçiriblər. Azərbaycanlılara qarşı qırğınlar nəticəsində erməni caniləri yuxarıda qeyd olunan şəhərlərlə yanaşı, demək olar ki, əksər ərazilərdə də günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törədiblər.

Mart hadisələrinə ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına əsasən hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Mənsumə Babayeva, “İki sahil”