30 mart 2022 11:24
705

“31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı”

YAP Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkiatı və Yasamal Rayon İcra Hakimiyyətinin “31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı birgə tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  ilk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsi “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Azad Rzayev iştirakçıları salamlayıb. Azad Rzayev bildirib ki, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.

Soyqırımın xalqımız tərəfindən anılmasında Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyəti olduğunu bildirən Azad Rzayev tarixi sənəddə də qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunduğunu, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etməyini bildirdi.

Düşmən bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, millətimiz öz tarixi torpaqlarından qovulmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir.

Daha sonra tədbirin bədii hissəsində Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllim və tələbə heyətinin təşkili ilə kompozisiya təqdim olunub.

Bununla da tədbirə yekun vurulub.