30 mart 2022 01:37
595

31 Mart faciəsi dünya tarixində qanlı ləkədir

Son 200 ildə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Əslində xalqımıza qarşı erməni vandalların törətdikləri soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  Çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda- Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdu. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişlər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1906-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin ilin martın 31-də Bakı şəhərində azərbaycanlıların ermənilər tərəfindən törədilən kütləvi qırğını əslində “böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi idi. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə-1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər Planı təsdiq etmişdir.

Erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu. Erməni cəlladlarının soyqırımına məruz qalan insanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Zahid Rza, “İki sahil”