Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start veriləcək.
Federasiyanın Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.