01 mart 2022 09:00
1058

ETİ-nin şöbə müdiri beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 26 fevral 2022-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş konfrans Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti və Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən E.Talışınski Xocalı soyqırımının baş verməsinin tarixi aspektləri, erməni təcavüzkarlarının törətdiyi vəhşiliklər, 44 günlük savaşda qəhrəman xalqımızın əzəmətli qələbəsi haqqında məlumat verib. Rusiyada yaşayan soydaşlarımızın və burada fəaliyyət göstərən diaspor nümayəndələrinin informasiya müharibəsində aktiv olmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirən gənc alim, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında elmi ictimaiyyətin mühüm rola malik olduğunu qeyd edib.

Konfransda həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı konsulu Rəhim Rəhimzadə, Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədr müavini Könül Abbasova, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək cəmiyyətinin sədri Tofiq Əlizadə, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Heydər İmanov və digərləri çıxış edib.