26 fevral 2022 18:55
556

“Pravda.ru”: Ya qaçın, ya da diri-diri yanın: Xocalı faciəsinin xatirəsi nə üçün belə vacibdir

Rusiyanın “Pravda.ru” internet-nəşri Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı məqalə dərc edib.

“İki sahil” xəbər verir ki, məqalə tarixin qlobal miqyasda insan qəddarlığının bir çox nümunələrini bildiyinin, bütün dünyanın Holokostu, Belarusun Xatın kəndinin məhv edildiyini, eləcə də Azərbaycanın Xocalı şəhərində baş verən faciəni unutmadığının vurğulanması ilə başlayır.

Bildirilir ki, münaqişə başlanandan Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan Xocalı o zaman strateji əhəmiyyətli məntəqə sayılırdı: o, Xankəndidən on kilometr məsafədə yerləşirdi, eləcə də şəhərdən mühüm marşrutlar keçirdi, burada aeroport yerləşirdi.

“1991-ci ilin payızından erməni bölmələri Xocalını tamamilə blokadaya aldı. Elektrik enerjisinin ötürülməsi kəsildi, telefon əlaqəsi və istilik yox idi, su kəməri işləmirdi. Əhali yaşamırdı, sağ qalmağa çalışırdı. Fevralın ortalarına qədər helikopterlərlə ancaq bir neçə yüz şəhər sakini təxliyə edilmişdi. Əhalinin əksəriyyəti - təxminən dörd min nəfər mühasirəyə alınmış şəhərdə qalırdı.

Əsas hadisələr fevral ayının 25-dən 26-na keçən gecə baş verdi. Saat 20:30-da xəbər çatdı ki, ermənilərin zirehli texnikaları şəhər ətrafında mövqelənir, bir neçə saat sonra isə düşmən yaşayış evlərinə və dinc vətəndaşlara qarşı ağır artilleriyadan atəş açdı. Həmin zaman şəhəri yanğın tüstüsü bürümüşdü. Panika başladı. İnsanlar özlərini və yaxınlarını alovun içindən qurtarmaq üçün şimal-şərq istiqamətində yerləşən Ağdama tərəf qaçmağa başladılar. Lakin Ağdama gəlib çatmaq hər kəsə nəsib olmadı: bir çoxları düşmən atəşinə məruz qalaraq həlak oldu, kimlərsə, əsasən də isti geyimi olmadan Xocalıdan qaçan qadın və uşaqlar dağlarda donaraq öldülər.

Şəhərdə baş verənləri jurnalistlərin reportajları ilə qiymətləndirmək olar. Belə ki, şəhərə gələn və xəstəxanada cəsədləri görən “The Washington Post” qəzetinin müxbiri Tomas Qolts yazır ki, qurbanlardan biri yaxın məsafədən güllələnərək öldürülmüşdü, başqalarının bədənlərində isə çoxsaylı bıçaq yaraları var idi.

Xocalıdan olan 11 yaşlı qaçqın Əhməd Məmmədov “The New York Times”a açıqlamasında “Onlar bizim evə gəlib dedilər ki, ya qaçın, ya da diri-diri yanın” sözlərini deyib.

Həmçinin Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Mən müharibəni çəkirəm”) kitablarında bu faciənin dəhşətlərindən danışıblar”, - məqalədə qeyd olunub.

Məqalədə Azərbaycanda o gecə baş vermiş qətliamın soyqırımı kimi tanındığı vurğulanıb. “2012-ci ildə Pakistan parlamenti də müvafiq qətnaməni qəbul edib. Çexiyada isə həmin hadisələr insanlığa qarşı cinayət kimi tanınıb. Lakin indiyədək Ermənistanda dinc sakinlərin qətlinə görə heç kəs cəzalandırılmayıb, heç bir araşdırma aparılmayıb”, - deyə bildirilib.