25 fevral 2022 08:28
784

Şamil Ayrım: Bu gün biz daha güclüyük

"Azərbaycan tarixin ən qanlı hadisələrindən olan Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində daha sıx fəaliyyətə başlayıb. Bundan on il əvvəl də biz "Xocalıya ədalət!" deyirdik. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər keçirilib. Lakin o vaxt əlimiz bugünkü qədər qüvvətli deyildi”.

“İki sahil” xəbər verir ki, bu fikirləri "Report"un yerli bürosuna müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

“Bu gün biz daha güclüyük. Bugünkü gücümüzün ən başlıca səbəbi isə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan dövlətidir. Gücümüzün başlıca səbəblərindən biri də hər sahə üzrə yüksək səviyyədə yetişdirilmiş gənclərimizdir", - Şamil Ayrım vurğulayıb.

İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbənin istər xalq, istər sə də millət olaraq Azərbaycanı daha yüksək ruhlu və özünə əmin etdiyini vurğulayan Ş.Ayrım qeyd edib ki, Xocalı soyqırımının tanıdılması istiqamətindəki işlər uğurlu nəticə verəcək:

"Mən əminliklə deyə bilərəm ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək və 30 il keçməsinə baxmayaraq ədalət öz yerini tapacaq. Bu istiqamətdə fəaliyyət göstərən hər bir kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha "Xocalıya ədalət!", - deyərək bütün dünyaya səslənirəm".