23 fevral 2022 18:10
1580

8 gün əsir olan Xocalı faciəsinin şahidi: Elə istəyirəm ki, kitabım əsasında bir film çəkilsin

Bir tək bu arzu ilə yaşayıram ki, nəvələrimi Xocalıda böyüdəcəyəm

Fevralın 25-dən 26-na keçən gecə Xocalı müsibətinin ağrısını iliklərinə qədər yaşayanlardan biri də Dürdanə Ağayevadır. O, Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. Xocalı rabitə qovşağında telefonçu kimi 1989-cu ildən işləməyə başlayıb.

Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində Xocalı vəhşiliklərinin canlı şahidi ilə həmsöhbət olduq. Zülm-zillət qoxan Xocalı faciəsinin qurbanı, 8 gün əsirlikdə qalmış və müharibənin ağrı-acısını indi də taleyində yaşayan müsahibim “İki sahil”ə həmin gün şahid olduqları, yaşadığı iztirablar barədə danışdı. Danışmaq onun üçün nə qədər ağır idisə, onu dinləmək də bir o qədər çətin idi. Həyatının ən acı günləri, xatirələri barədə danışan Dürdanəni qəhərsiz, için sızıldamadan dinləmək mümkün deyildi:

Həmin faciə gəncliyimizi məhv etdi, arzularımızı yarımçıq qoydu...

Xocalı sakini müsahibəyə faciədən əvvəlki dövrləri yada salaraq başladı:

“Mən gözəl, cənnət-məkan Xocalıda doğulub boya-başa çatmışam, bütün uşaqlığım, demək olar ki, bütün gəncliyim Qarabağda keçib. İbtidai və orta təhsilimi Xocalıda almışam, elə orada da ATS-də telefon operatoru işləməyə başlamışam. Uşaqlığımız çox gözəl keçib. Xocalı kiçik yaşayış məntəqəsidir, hamı bir yerdə yaşayırdı, bir-birini tanıyırdı. Biz bir yerə yığışmağı sevirdik, əlamətdar tarixləri qeyd edirdik, bir-birimizə qonaq gedirdik... Üç qardaşım var. Atamızı erkən itirdik, anam bizi dostluq, harmoniya içində böyütdü ki, bir-birimizə arxa, dayaq olaq. Anamın anası - nənəm də bizimlə yaşayırdı, bir sözlə, ailədə altı nəfər idik. Amma bütün bunlar müharibəyə qədər davam etdi... Həmin faciə gəncliyimizi məhv etdi, arzularımızı yarımçıq qoydu... Müharibə çox qorxuncdur. Bilirsiniz, düşmənlə üz-üzə olmaq necə qorxuludur? Həm də alçaq və amansız düşmənlə... Allah heç kimə belə bir şey yaşatmasın”.

Sanki hava da Xocalıda son saatlarımızı yaşadığımızı xəbər verirdi…

Dürdanə Ağayeva 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecəni belə xatırlayır: “Hər yer alov içində idi. Güllələrin işıqları qırmızı idi. Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə heç kim yatmamışdı. Topun, tankın səsindən qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha da kəskinləşdi. Vəziyyət ağırlaşanda camaat bir müddət evlərin zirzəmilərində gizləndi. Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki, artıq düşmən Xocalı aeroportuna girib. Aeroport da xocalılıların yeganə çıxış yolu idi. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu anladıq. Ona görə də şəhərdən uzaqlaşmağa məcbur olduq. Həmin qarlı-şaxtalı gecə biz insan qatarı olaraq Ağdama pənah apardıq. Biz nə biləydik ki, ermənilər qarşıda tələ qurub və xocalılıları gözləyirlər. Xocalılıların birini də sağ buraxmamaq şərtilə soyqırımı törətməyi planlaşdırmışdılar. Biz də sakit hərəkət edirdik. Ağlayan uşağın ağzını yumurdular ki, birdən ermənilər səs eşidər və atəş açarlar. Həmin körpələr qarın içində donub qalırdılar. Təxminən gecə saat 1-2 olardı. Sakinlər şəhəri tərk edirdi. Gəlib çıxdıq Qarqar çayının sahilinə. Bumbuz çayı zülümlə keçdik. Bir neçə nəfər orada donub qaldı. Çayı keçəndən sonra 366-cı diviziyanın törətdiyi dəhşətli cinayəti gördüm.”

Heç kimin orada yaşadığım dəhşətləri yaşamasını istəmərəm

Həmsöhbətim qeyd etdi ki, Qara qaya adlanan yerə çatdıqları zaman ermənilər atəş açmağa başlayıblar: “Hər kəs vahimə içində bir tərəfə qaçırdı. Biz də sürünə-sürünə ərazidən uzaqlaşmaq istədik. Bir az sonra ayağımda bir istilik hiss etdim, baxanda gördüm ki, güllə dəyib, yaralanmışam. Bir qədər süründükdən sonra huşumu itirdim. Ayılanda camaatdan çox geri qalmışdım. Tez-tez hərəkət etməyə başladım. Bir az irəlidə hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşım Elşadı da yaraladılar. Sonra başımızın üstünü kəsdilər. Bizi  girov götürüb Əsgərana gətirdilər..”

Müsahibim vurğuladı ki, ermənilər onu 8 gün Əsgəranın polis bölməsinin zirzəmisində saxlayıblar. Özü də 70-100 kişi əsirin arasında yeganə qadın əsir olub:  "Heç kimin orada yaşadığım dəhşətləri yaşamasını istəmərəm. Qadınların və uşaqların qışqırıqlarını, fəryadlarını, yalvarışlarını unuda bilmirəm. Uşaqlar ağlayır, yemək istəyirdilər, erməni əsgərləri isə onları öldürür, yerə çırpır və avtomatla döyürdülər.”

Əsgəranda qaldığım 8 gün ərzində saçımın sayı qədər döyülmüşəm

Həmsöhbətim vurğuladı ki, yerli ermənilər gəlmə ermənilərdən qorxurdular. Ona görə daha çox canfəşanlıq edirdilər ki, özlərini gəlmələrin gözünə soxsunlar. Qardaşımla birgə əsir düşmüşdüm. Ermənilər bizi ayırdılar. Qardaşım bel nahiyəsindən, mən isə ayağımdan yaralanmışdım. Əsir olduğmuz gecə orada 40-50 qadın vardı. Ermənilər qadınları on-on, beş-beş əsirləri ilə dəyişməyə aparırdılar. Amma mən qardaşımın yarasını, ona verilən əzabı görəndən sonra qapının arxasına qısılıb qaldım. Bir də gördüm ki, artıq qadınlardan heç kim yoxdur, tək qalmışam. Düşündüm ki, qalsam da, ölsəm də, qardaşımla birlikdə olmalıyam.

Qanlı divarları, ensiz dəhlizi heç vaxt unutmaram

Faciə şahidinin sözlərinə görə,  8 gündə ona insanlığa sığmayan  işgəncələr veriblər: “Bir qadın olaraq kişilər gördüyündən də betər əziyyətlər çəkdim. Çünki mən rabitəçi idim. Ermənilər mənim rabitəçi olduğumu həmin gün öyrənmişdilər. Qardaşımla bərabər əsir götürüldüm. Binada adam əlindən yer yox idi, qadın və uşaq fəryadı qulaqları batırırdı. Kişilərimizə olmazın işgəncələrini verirdilər. Döyüşçü olduğunu biləndə, onlara daha amansız davranırdılar. Qaldığımız zirzəmi dizə qədər palçıq idi. Yuxarıda da bir pəncərəsi vardı, onun da şüşəsi yox, yağan qar, əsən külək birbaşa içəri vururdu. 8 gün ayaqyalın, ac, susuz belə bir yerdə qalmışam, ayağımda da güllə yarası.  Rabitədə işlədiyim üçün ermənilər mənimlə də pis davranırdı. Çantamda avtomat patronları var idi, Xocalıdan çıxanda götürmüşdüm ki, yolda döyüşçülərimizə verərəm. Ermənilər onu çantamda görəndə, dəli oldular. Erməni hərbçi patronları götürüb var gücüylə sifətimə çırpdı. Dedi ki: "Sən döyüşçü olmusan?". Çantamda olan qızıl-zinət əşyalarımı da götürdülər. O gün ermənilər Xocalı əsirlərindən xeyli sayda qızıl və pul yığdılar. Sonra kişi və qadınları ayrı-ayrı otaqları doldurdular. Kişilərə elə işgəncələr verirdilər ki, səsləri bizə gəlib çıxırdı. Dəfələrlə əlimi qapı arasında qoydular. Məni dəfələrlə tapdadılar. Çəkmələrindən torpaq yedirirdilər. Mən 8 gün əsirlik həyatı yaşadım. O qanlı divarları, ensiz dəhlizi heç vaxt unutmaram.”

Bəzən o qədər dözülməz olurdu ki, qışqırmamaq üçün öz əlimi dişləyirdim

Həmsöhbətimiz 8 gündə əsrə bərabər zülm yaşadığını dilə gətirdi: "Qışın günü məni Xankəndində bir evə apardılar və çılpaq soyundurub, buz kimi suya girməyə məcbur etdilər. Bir müddət sonra isə sudan çıxarıb zəncirlə döydülər. Doğulub-böyüdüyüm evə aparıb, bir daha vəhşicə döydülər. Bir anlıq onu düşündüm ki, həmin evdən ağ gəlinlikdə gəlin köçürəm. Məni 3-4 erməni o qədər döymüşdü ki, elə bilmişdilər ölmüşəm, götürüb atmışdılar qarın üstünə. Çöldə don vurmuşdu, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam, onu təkcə göydəki Allah bilir. Ancaq gecə qaranlıqda gözümü açanda, məni saçımdan tutub sürüyən erməni dedi ki, “sən hələ ölməmisən?”. Hissiyyatım tamamilə yox idi, əlimi əlimə vururdum, heç nə hiss etmirdim. Bircə dilim tərpənirdi. Onu da deyim ki, mən girov düşəndə əynimdə qırmızı paltar, ağ gödəkcə vardı. Onu istəyirəm ki, bir film çəkilsin, Dürdanə obrazını oynayan qıza mən o qırmızı paltarı özüm geyindirim, saçını öz saçım kimi edib, onu özümə oxşadım. Elə istəyirəm ki, kitabım əsasında bir film çəkilsin.  Bilirsiniz nə qədər ağırdır?! 20 yaşım var idi. Bütün arzularım puç oldu!.. Bir tək  bu arzu ilə yaşayıram ki, nəvələrimi Xocalıda böyüdəcəyəm. Bir dəfə bir erməni yaxınlaşıb soruşdu ki, sizə torpaq lazımdı? Mən döyülməkdən, işgəncədən halsız vəziyyətdə idim, heç nə demirdim. Batinkasını çıxarıb ağzıma tutdu ki, ye bu torpağı. Hətta bir dəfə  də ermənilər məni evimizin həyətinə apardı, orda döyməyə başladı. Mən isə 12 pilləkənimizə baxıb xəyallara getmişdim, heç ağrını da hiss etmirdim. Gözümün qabağında ata evi var idi, yarısı yanmışdı, bütün arzularım da onunla birlikdə kül olmuşdu. Anamın arzularını xatırladım: Mənim ağ paltarda ikinci mərtəbədən birinci mərtəbəyə düşməyimi, gələcək ərimin də pillələrin axırında məni gözləyəcəyini xəyal edirdi. Başa düşdüm ki, daha belə olmayacaq...  Fikrimdə o 12 pilləkəni düşüb dərsə gedirdim, pilləkəndə oturub kitab oxuyurdum və xəyalımda anamın da arzuladığı kimi şüşəbənddə qardaşım məni lampanın başına fırlayır, o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm... Allah bunu mənə nəsib etmədi...”

D.Ağayeva və qardaşı azərbaycanlı komandir Allahverdi Bağırovun səyi nəticəsində səkkiz gün sonra azad edilib: “Allahverdi Bağırovun səyi ilə dəyişdirilik, ümumiyyətlə o, 1050 Xocalı sakinini əsirlikdən xilas etdi. Elə bil ki, o, məni ermənilərin əsirliyindən azad edib, Azərbaycana yadigar qoyub dedi ki, “Xocalı faciəsinin yadigarı kimi erməni vəhşiliyini  dünyaya  çatdır”. Əsirlik günlərini heç vaxt unuda bilməyəcəyəm. Əsirlik mənə insanlara dəyər verməyi, Vətənimi, ailəmi daha çox sevməyi öyrətidi. Orada hər şey var idi - qətl, işgəncə, zorakılıq... Qocalsam da huşum başımdan gedər, amma Xocalı faciəsi başımdan getməz.  44 gün davam edən müharibədə şanlı ordumuz bizi bu ləkədən qurtardı. Bizim qisasımızı aldılar. Şanlı ordumuz ürəyimizdəki yaraları sağaltdılar, bir az təsəlli verdilər.”

Xocalı faciəsi məndən toy-büsatımı aldı

Müsahibim əsirlikdən qurtulduqdan sonra yaşadıqlarından da bəhs etdi: “Bizi girovla dəyişdirəndən sonra Bakıya gətirdilər. Ayağımdan yaralanşdığım üçün əməliyyat etdilər. Bir il müalicə aldım. Sağalandan sonra elə rabitəçi kimi də işə başladım. Ailə qurmaq barədə isə düşünmürdüm. Amma mənim qarşıma elə bir insan çıxdı ki... Azərbaycanın əsl qeyrətli kişisi... Ona da ailə qurmaq istəmədiyimi demişdim. Amma o dedi ki, bu, tək sənin başına gəlməyib, bir elin başına gələn fəlakətdir... 25 yaşımda həmin insanla ailə həyatı qurdum. Toyumuz olmadı, sadəcə evləndik...5 ildən sonra bir qızım dünyaya gəldi. Ləmanım dünyaya gələndə elə bildim sanki toyum da oldu, gəlinlik də geyindim.”

Qeyd edək ki, Dürdanə xanım əsirliyi ilə bağlı kitab yazıb bə həmin kitab 2015-ci ildə Türkiyədə işıq üzü görüb. Həmin kitabda əsirlik həyatını olduğu kimi qələmə alıb. Kitab maraqlı olduğu üçün təkrar nəşr edilib. 2017-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada rus dilinə tərcümə edilib. Dürdanə xanımın ikinci kitabı isə “Xocalı şəhidləri 613” adında çap olunub: “O kitab bütün Xocalı sakinlərinindir. Mən Xocalı faciəsinə görə dünyaya səs salan bir qadınam. Erməni vəhşiliyini dünyaya yayıram.”

Yaqut Ağaşahqızı, “İki sahil”