17 dekabr 2021 01:58
1387

«Yan»ların quluna çevrilənlər…

Radikal müxalifətin respublikamızdakı satqınları, xarici ölkələrdə havadarlarının qoltuğuna sığınan tör-töküntüləri yenə də yas içərisindədirlər. Səbəbi də məlumdur. Xarici ölkələrə səfərləri zamanı böyük hörmətlə qarşılanan, çıxışları, hədəfə ünvanlanmış məntiqli açıqlamaları dəstəklənən, xarici KİV-lərə müsahibələrində hazırlıqlı, bacarıqlı, qətiyyətli lider olduğunu təsdiqləyən Prezident İlham Əliyevin diplomatik uğurları şeytan cildinə girmiş bu şarlatanları dərbədər edir. Dünya siyasətinin aktual problemlərinin həlli naminə beynəlxalq ictimaiyyətə ünvanlanan sülhsevər çağırışları ilə diqqəti cəlb edən, erməni faşizminin mahiyyətini açıqlayan Prezident İlham Əliyevə göstərilən hörmət, dövlət başçımızın siyasətinin dəstəklənməsi AXCP sədri Əli Kərimli tayfasını narahat edir. Bir neçə gün əvvəl Bakıda aksiya təşkil edərək təxribat törətməyə çalşan Əli Kərimlinin fitvasına uyanlar da hiss etdilər ki, “islahatçı sədr”in məqsədi, məramı bu yolla pul qazanmaqdır.”

Azərbaycana qarşı şər, böhtan yağdırmaqda Əli Kərimlidən geridə qalmayan, ermənilərə rəğbətini “Kaş Paşinyan mənim prezidentim olardı” sözləri ilə bildirən Sevinc Osmanqızı da qəm dəryasına qərq olub. Brüsseldə Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın qoltuğuna verilən xoruzun səsindən vəlvələyə düşən bu həpəndlər başqalarını sürüklədikləri labirintin dolaylarında fırlanırlar.

Beynəlxalq aləmdə qəbul olunmadığı üçün mötəbər tədbirlərdə diqqətdən kənarda qalan Paşinyan Brüssel görüşündə də eyni aqibəti yaşadı. Prezident İlham Əliyevin Brüssel görüşləri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə söhbətlərində kommunikasiyalar və nəqliyyat dəhlizləri ilə bağlı ölkəmizin təkliflərinin dəstəklənməsi, digər dövlət başçıları ilə görüşündə Avropa ölkələrinin işğaldan azad olumuş Azərbaycan torpaqlarında aparılan quruculuq işlərində iştirakla bağlı təkliflərin səslənməsi fonunda Nikol Paşinyanın sözlərinə əhəmiyyət verilməməsi dövlət başçımızın daha bir diplomatik qələbəsi idi.

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən Sammitin nəticələri ilə bağlı mövqeyini bildirən Şarl Mişelin bəyanatından aydın olur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi məhz Bakının təklifləri əsasında davam etdiriləcək.

Ermənistanı dəstəkləyənlərə növbəti zərbə isə “Madrid prinsipləri», «Lavrov planı», ATƏT-in Minsk Qrupunun «dirçəldilməsi» kimi səylərin fiaskoya uğraması oldu. Ermənistan baş nazirinə aydın şəkildə anlatdılar ki, proseslər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sazişlər əsasında davam edəcək. Bəyanatda “Minsk Qrupu», “Dağlıq Qarabağ status”u» ifadələrinin çəkilməməsi Əli Kərimli kimi Sevinc Osmanqızını da mat vəziyyətinə salıb. İspaniyanın «El Pais» nəşrinə müsahibəsində dövlət başçımızın vurğuladığı kimi, Qarabağın statusu barədə müzakirələr artıq geridə qaldı. «Dağlıq Qarabağ münaqişəsi» bitib.

AXC-Müsavat iqtidarı dövründə Azərbaycanı parçalamaq üçün Naxçıvanın muxtariyyətinin ləğv edilməsi təklifini irəli sürən nadanlar üçün 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya aktının 9-cu bəndi ölüm fərmanıdır. Orada aydın yazılıb ki, Ermənistan bu əlaqənin maneəsiz fəaliyyətinə təminat verməlidir. («Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”).

Şarl Mişelin bəyanatında «regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arsında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsi, dəmir yolu xəttinin çəkilməsi» ( Zəngəzur dəhlizi) ilə bağlı sözlərin yer alması bütünlükdə Aİ-nın Azərbaycana dəstəyidir. Yəni, Əli Kərimlinin «siyasi mühacir» bazarının məhsulu olan və Avropa ölkələrinin künc- bucağında dolanan, mətbəxində qarınlarını doyuran milli satqınlara da əhəmiyyət verən olmayacaq. Ermənistanda kütləvi aksiyaların davam etdiyi, baş nazirin istefasını tələb edənlərin sayının artdığı bir məqamda Sevinc Osmanqızı və Əli Kərimlinin Ermənistan iqtidarına rəğbətləri erməniliyin zirvəsi olan daşnak ideologiyasının əsiri olmaq, «yan»ların quluna çevrilməkdir. Türk dünyasının birliyini istəməyən, əksinə terrorçu Feto ilə əməkdaşlığını oğlu ilə birlikdə davam etdirən Əli Kərimli təbii ki, Zəngəzur dəhlizinin açılmasına tərəfdar olmayacaq. Çünki, bu dəhlizin açılması ilə onsuz da mövqeyi möhkəmlənən Azərbaycana maraq çoxalacaq, beynəlxalq aləmdə, dünya siyasətində, enerji və nəqliyyat xəritələrinin yenilənməsində rolu daha da artacaq. Belə ki, hazırda Əli Kərimlini və Sevinc Osmanqızını yemləyənlər bu satqınlar üçün dollar xərcləməyə ehtiyac görməyəcəklər. Satqınlıqları üzündən xalq tərəfindən lənətlənən hər iki əqidədaş qalacaqlar bir həsir, bir də Məmmədnəsir. O zaman Sevinc Paşinyanı məmnuniyyətlə özünə məxsus «Osmanqızı TV» kanalına prezident təyin edə bilər. Belə yerdə deyirlər ki, yuxun çin, Nikol sənin olsun.

Xuraman İsmayılqızı, «İki sahil»