«Media haqqında» qanun layihəsi bütün çağırışları özündə ehtiva edərək mətbuatın qarşısında perspektivlər açır
Azərbaycanın uğurlarının təməlində iqtisadi və siyasi islahatların vəhdətliyi dayanır. Dövlət başçısı İlham Əliyev daim bu fikri xüsusi qeyd edir ki, elə ölkələr var ki, iqtisadi inkişafı ilə diqqətdədir, amma demokratik inkişafı aşağı səviyyədədir, elə ölkələr də var ki, demokratik inkişafı yüksək səviyyədədir, iqtisadi baxımdan zəifdir. Azərbaycanda isə iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkə Prezidenti İlham Əliyev daim xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin xarici KİV-ə müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.”
30 illik müstəqillik tarixinə malik olan ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.
İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.
1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini təsdiqlədi. Demokratik inkişafın əsas elementlərindən olan azad mətbuatın inkişafına yönələn addımlar da davamlılığı ilə diqqət çəkir.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu xəttin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 4 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 18 ildə diqqətdə olan məsələlər sırasındandır. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin rolunu yüksək dəyərləndirən cənab İlham Əliyev 2005-ci ildə imzaladığı Sərəncamla 30 faizdən artıq maliyyəsini xaricdən alan QHT-lərin seçkiləri izləmələrinə qoyulan qadağanı aradan götürdü. Vətəndaşların sərbəst toplaşma azadlığının təminatı da dövlət siyasətinin əsasında dayanır. Bununla bağlı qəbul olunan qanun da dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Azərbaycan bugünkü dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant, multikulturalizmi həyat tərzinə çevirən ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Azərbaycanın dünyada ənənələri olan bir dövlət kimi tanınması və nüfuz qazanması, ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi də bugünkü reallıqlarımıza verilən dəyərdir. Pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi də ölkəmizin beynəlxalq mövqeyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev məhz bu uğurlara söykənərək beynəlxalq tribunadan Azərbaycanın sabit, demokratik, müasir, innovasiyalar ölkəsi olduğunu böyük inam və qətiyyətlə bildirir.
44 günlük İkinci Qarabağ müharibəsi bir daha milli birliyimizi, tolerant ölkə olduğumuzu, multikultural dəyərlərin inkişafına böyük töhfələr verdiyini təsdiqlədi. Vətən müharibəsi, həmçinin postmünaqişə dövründə diqqəti çəkən mühüm məqamlardan biri də siyasi partiyaların Prezident İlham Əliyevin ətrafında birləşərək həyata keçirdiyi siyasətə dəstəklərini ifadə etmələri oldu. Həmçinin ölkəmizdə münbit siyasi dialoq mühitinin mövcudluğu cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII qurultayında bir daha özünü büruzə verdi. Belə ki, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Birliyə, həmrəyliyə, milli maraqların qorunmasına çağırış kimi dəyərləndirilən bu mühüm addım bu gün öz müsbət nəticəsini verir. Nəzərə alsaq ki, YAP-ın VII qurultayı Zəfərimizin yaratdığı yeni reallıqların tələblərinə uyğun olaraq keçirilmişdir, bu halda bugünümüz üçün yeni qərarların qəbul ediləcəyi, vəzifələrin müəyyənləşdiriləcəyi qaçılmaz idi. Dövlət başçısı İlham Əliyev qurultaydakı çıxışında qarşıya mühüm vəzifələr qoydu. Reallıq budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Siyasi sistemin vacib elementlərindən olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında «Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın» söyləyərək onu da əlavə etmişdir ki, buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
Yeni Azərbaycan Partiyasının ölkədə münbit siyasi dialoq mühitinin formalaşmasına davamlı töhfələr verməsi, həmçinin 6 siyasi partiyanın YAP-a qoşulması hakim partiyanın təqdim etdiyi təkmil hakimiyyət-xalq modelinin real mənzərəsini ortaya qoyur. Bu addımlar ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar prosesinin davamlılığından xəbər verir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşməsi, günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparmaları da bunun təsdiqidir.
Bu gün böyük inamla qeyd edə bilərik ki, ölkəmizdə demokratik islahatlar yeni mərhələyə qədəm qoyub. Demokratik təsisatların inkişafına xidmət edən qanunların yenilənməsi, yaxud yeni qanunların qəbulu da bunun təsdiqidir. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlara cavab vermir. Yeni Qanun layihəsi dövrün bütün tələblərini, çağırışlarını özündə ehtiva edir. “Media haqqında” Qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.
Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.
Qeyd edilənlər fonunda bu ümumiləşdirməni apara bilərik ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan və bütün sahələri əhatə edən qanunlarımız dəyişməz hesab edilmir, daim yeniləşir, dövrün çağırışlarını özündə birləşdirir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafının prioritetliyi isə atılan addımlarda özünün aydın ifadəsini tapıb. Dünya informasiya məkanına inteqrasiya edən Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açılır. Hər bir yeni qanun həmin sahənin inkişafına böyük töhfə, dəstəkdir.
Yeganə Əliyeva, «İki sahil»
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır