24 noyabr 2021 12:22
989

“Bazel” “Kayrat”la görüşdə xal itirsə və biz qalib gəlsək, hər şey həll olacaq- Qurban Qurbanov

“Bu il burada son oyunumuz olacaq”.

“İki sahil” xəbər verir ki,  bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis kiprlilərlə sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İki gündə yaxşı hazırlaşmışıq. Az vaxtımız oldu. Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Sabah ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, stillərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, sabah 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq”.

- Sonuncu oyun “Bazel”lə olacaq. Bütün bunları analiz etdikdə ən önəmli matçın bu olduğunu demək olar?
- İndidən baxsaq, hələ iki oyunumuz qalıb. Dəqiq deyə bilmərəm, amma bu, elə oyundur ki, nəticədən asılı olmayaraq, son turda hər şeyə aydınlıq gələ bilər. Təbii ki, “Bazel” “Kayrat”la görüşdə xal itirsə və biz qalib gəlsək, hər şey həll olacaq. Biz düşünürdük ki, “Kayrat”la burdakı oyun vacibdir, qalib gəldik. Sonra səfərdəki matçın daha vacib olduğunu düşünürdük. “Bazel”in “Omoniya” ilə matçının nəticəsindən sonra hamımız qrupdan çıxmağımızdan danışdıq. Arxayınlıq olduqda bunun qarşıdakı bir neçə oyuna təsiri olur. Mənim üçün “Bazel”lə görüş daha vacib olacaq, nəinki bu oyun. Hər rəqib fərqli hazırlaşır, ola bilər fərqli heyətlə çıxış edir. Futbolu dərindən təhlil etsək, 5-6 element bütün matçlarda təkrarlanır. Buna uyğun dəyişikliklər edə bilərik. Bu oyuna mən və komandam daha ciddi hazırlaşır. Bu, bizim üçün digər matçlardan daha vacibdir.

- Sizin oyun planınızda və heyətinizdə hansısa dəyişiklik gözlənilir?
- Deməzdim ki, hansısa dəyişiklik gözlənilir. Onsuz da, bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Sistem olaraq oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər.