17 noyabr 2021 19:46
1831

Türk xalqlarının yeni inkişaf strategiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Ali Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “TürkDünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Orden təqdim edilərkən Türkiyə Cümhuryyətinin Prezidenti cənab R.T.Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müzəffər Ali Baş Komandan deyə müraciət etməsi hər bir Azərbaycan türkünün qəlbində fərəh və qürür hissi yaratdı. 

Hələ ümummilli liderimiz Heydər Əliyevin 90-cı illərin əvvələrində ifadə etdiyi bu fikirlər: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik.”  türk xalqlarının gələcək  inkişaf strategiyasının leytmotivinə çevrildi.

Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin gələcək inkişaf  proqramını verərək aşağıdakı istiqamətlərdə birgə fəaliyyətin persepektivlərini müəyyənləşdirmişdir:

Türk xalqlarının iqtisadi, siyasi,  problemlərinin həllində türk dünyasının imkanlarından səmərəli  istifadə etmək.

Türk xalqlarının inteqrasiyasını intesnivliyini təmin etmək.   

Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və beynəlxalq birlik qarşısında ümumi mövqe nümayiş etdirmək.

 Heydər Əliyevin bütün məqsədi türk xalqlarını vahid təsisat altında birləşdirmək idi. Bu arzu cənab İlham Əliyevin gərgin fəaliyyəti ilə gerçəkləşdi. Türk Dövlətləri Təşkilatının gələcəkdə dünyanın siyasi səhnəsində mühüm güc mərkəzlərindən birinə çevriləcəyi perespektivinə inanmamaq mükün deyil.

Türk dövlətlərinin bir təsisat ətrafında birləşdirlməsi ideyası qədim ideoloji köklərə malikdir. Hələ əsrin əvvələrində türk dünyasının nəhəng fikir adamları İsmayıl bəy Qaspralı, Əli bəy Hüseynzadə, Sədri Maksudi, Yusif bəy Akçuralı, Əhməd bəy Ağaoğlu və başqaları tərəfindən bu ideyalar inkişaf etdirilmiş və bütün türk coğrafiyasını əhatə etmişdir. Sovetlər dönəmində isə Turançılıq və panturkizim ideyalarının daşıyıcısı olduqları üçün on minlərlə  ziyalılar təqib edilmiş, represiyaya məruz qalmış, qətlə yetirilmiş və sürgün edilmişdir. Lakin bu ideyalar hər bir türk övladının qəlbində yaşamışdır. Sövetlər birliyində yaşayan türk xalqları müstəqlilik əldə etdikdən sonra artıq bu ideyalar öz  siyasi-mənəvi, iqtisadi-sosial kontekstində gerçəkləşmə istiqaməti aldı. Türk xalqlarının siyasi, iqtisadi, mənəvi gücünün bir təsisat altında birləşdirlməsi müasir tariximizin bir parçası olmaqla şahidi olduğumuz gerçəkiliklərdir.

Türk Dövlətləri Təşkilatının formalaşması vaxtı ilə  Türk Dili Danışan Ölkələrin Zirvə toplantıları çərçivəsində inkişaf etməyə başlamışdır. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlı qurumun yaradılması ideyası  ilk dəfə  2006-cı ildə  Qazaxıstan prezidenti  Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 

Bu ideyanın gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının da Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərində keçirilməsi də təsdüfi deyil. Yaxın tariximizə  nəzər salaq 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edilərək beynəlxalq müqavilə statusu qazandırıldı.  «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan Sazişinin preambula hissəsində birgə fəaliyyətin əsas aspektləri öz əksini tapır. Sənəddə  qeyd edilir ki, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, Türkdilli dövlətlərin başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunması və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini əsas tuturlar. 

Sənədin preambula hissəsində vurğulandığı kimi, qurulan bu təşkilat özünün əsas fəaliyyətini beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun müəyyənləşdirmişdir. Qurumun məqsəd və vəzifələrinə gəlincə, sözügedən Sazişin 2-ci maddəsində qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması;

beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi;

siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi;

əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

Göründüyü kimi, qurum öz ətrafında birləşdirdiyi dövlətləri ümumi məqsədlər naminə bütün spektrlərdə istisnasız olaraq beynəlxalq regional  fəaliyyətlərini təşviq edir.

Həmçinin qurumun 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan II Zirvə Görüşündə ayrıca bayrağının qəbul edilməsi də  təşkilatın üzunmüddətli perespektivdə fəaliyyətinin göstəricilərindəndir.

 Qurumun üzvlərinin sıralarının artması vaxtıilə Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş bu quruma artıq Özbəkistan, Türkmənistan və Macarıstan da qoşulmaqla artıq üzv dövlətlərin sayı 7-yə çatmışdır. Üzv dövlətlərin əhalisinin sayı 150 milyondan artıq, ərazisi 4 milyon kv.km-i əhatə edir.

Hətta türk dilli olmayan xalqlar və dövlətlər tərəfindən bu quruma üzv olmaqla bağlı fikirlər səsləndirilməsi bu   təsisatın gələcəkdə böyük bir güc mərkəzinə çevrilməsi perespektivindən xəbər verir. 

 Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır.

Bir məsələni də   qeyd etmək  lazimdir ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə  ikitətəfli münasibətləri mövcuddur lakin bu dövlətlərin bir  təsisat altında birləşdirliməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə   birgə inkişaf starategiyasının  müəyyən olunmasına səbəb olacaqdır.  

Türk Dövlətləri Təşkilatının ilk təsis toplantısının məhz Naxçıvanda keçirilməsi də rəmzi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi konteksində  xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden aldığı son  toplantı da təsadüfi deyil. Bu toplantı Türkiyə müstəqlillik və demokratiya adasında keçirilmişdir. Həmin toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yaddaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın üzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Gəlin həmin toplantıda Prezident İlham Əliyevin çıxışına diqqət edək. 

İlham Əliyev 3 oktyabr 2009-cu il tarixdə qurumun Naxçıvanda keçirilən təsis yığıncağında türk xalqlarının ortaq dəyərlərindən danışaraq bildirir: ”Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir.

Həmçinin Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektirlərini göstərir. Prezident İlham Əliyev əməkdaşlıq istiqamətlərini dörd kateqoriyaya ayırır.

İqtisadi və Neft -Qaz sənayesi  üzrə,

Beynəlxalq münasibətlər üzrə,

Hümanitar-mədəni  məsələlər üzrə,

Nəqliyyat-loqistika məsələləri üzrə

Göründüyü kimi, bu kateqoriyalar iqtisadi və siyasi münasibətlərin bütün spektrlərini əhatə edir. Prezident İlham Əliyevin ilk toplantıda strateji olaraq səsləndirdiyi fikrilərin artıq bir çoxu gerçəkləşib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşmasını, Bakı-Tbilisi- Qars dəmir yolu xəttini çəkilişini  və TÜRKSOY təşkilatının fəaliyyətini buna misal göstərmək olar. Türk xalqlarının mədəni inteqrasiyasında bu qurumun böyük rolu danılmazdır.    

Onu da qeyd edək ki, bu müddət ərzində üzv dövlətlərin 4-dən 7-yə qalxması,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, həmçinin “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi  bu qurumun  uzunmüddətli persepektivə hesablandığının göstərcisidir.  

Bu günlərdə Azərbaycanın dövlət sərhədində erməni təxribatlarının intensiv şəkil alması da türk dövlətlərinin birgə fəaliyyətindən və  inteqrasiyasından narahat olan ermənilərin və onların havadarlarının  isterikasının bir nümunəsidir. 

   Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsində Türk Dövlətləri Təşkilatının müstəsna rol oynayacağına böyük ümidlərlə Tanrı türkü qorusun deyirik! 

Sadiq Qurbanov, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri