Qüdrətli ordumuz düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, təcrübənin təqdimatı oldu. Artıq Zəfərimizin birinci ildönümünü qeyd edirik. Zaman hər zaman hadisələrə düzgün dəyər vermək, mahiyyətini daha dərindən dərk etmək üçün mənbə rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin 10 noyabr 2020-ci ildə, yəni, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: «Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!»
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun 44 gündə yazdığı tarix beynəlxalq ekspertlər tərəfindən təhlil edilir, ölkəmizin müharibə taktikası yüksək dəyərləndirilir. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Beynəlxalq səviyyədə bu məqam da xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz torpaq, Vətən sevgimizin nümunəsidir. Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunədir. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaq. Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaq. Çünki Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub, öz adını Azərbaycan tarixinə yazdırıb.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, eyni zamanda, erməni mifini də dağıdıb. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz orduları haqqında yalan məlumat yayaraq «yenilməz erməni ordusu» mifini yaratmışdılar. Cəmi 44 gün ərzində Ermənistan ordusu diz çökdü. Hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 dekabr 2020-ci il Zəfər paradı, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkı məhv edilmiş, yaxud qənimət kimi götürülmüş erməni hərbi texnikalarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu texnikaların Ermənistana havadarları tərəfindən hədiyyə edilməsi şübhəsizdir. Kasıb ölkələr sırasında öndə dayanan Ermənistanın belə yüksək məbləğdə hərbi texnika ilə təchiz edilməsi heç zaman inandırıcı görünə bilməz. Müharibənin başlandığı ilk günlərdən dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində işğaldan azad edilmiş ərazilərimizin müjdələrini çatdırarkən erməni ordusunun qoyub qaçdığı, Azərbaycan əsgərinin məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnikanın siyahısını təqdim edirdi. Onu da qeyd edək ki, Hərbi Qənimətlər Parkı yaradılarkən işğalçı Ermənistan və ona havadarlıq edən Fransa kimi dövlətlər narazılıqlarını bildirdilər.
Azərbaycan tarixi Qələbəsi ilə bu gün sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla əldə olunmadı. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi Qələbənin sevinci fonunda 28 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktat dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda qələbəyə gətirib çıxaracağına heç kimdə şübhə yox idi. Dövlət başçısı İlham Əliyev tarixi Qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: «Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi… Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!»
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən bu günədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlət başçısı İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın səbri tükənməz deyil.
Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyib. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyimiz nəinki dövlətimizin başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Ali Baş Komandana ünvanlanan məktublarında da öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana dəstək gördükdə sərt münasibətini bildirsə də, dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. «Vasitəçi neytral olmalıdır» çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac var idimi?
Münaqişənin güc yolu ilə həllini qaçılmaz edən səbəblərdən biri məhz 30 il davam edən beynəlxalq riyakarlıq oldu. Belə ki, ATƏT-in Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalaraq icra olunmadı. Son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi.
Üç yüzə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və strateji yüksəkliklər döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın. «Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub» söyləyən cənab İlham Əliyev bildirir ki, çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Ali Baş Komandan daim bəyan edirdi ki, biz qan tökmək istəmirik, müharibəni dayandırmalıyıq. Bunun üçün Azərbaycan tərəfinin şərtlərini qəbul edib torpaqlarımızdan rədd olsunlar.
Belə də oldu. Azərbaycan həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu. 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanması Azəpbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi oldu.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi mənsubiyyətindən, əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar bir yumruq kimi birləşdilər. Səsləndirilən bəyanatlar ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü oldu. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalamaları milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Müharibə dövründə və savaşdan sonra siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən 50 siyasi partiyanın müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq işi və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi. İmkan verilmədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın həmrəylik tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın işğalçı siyasətini qınayaraq, bildirdilər ki, mülki əhalinin yaşadığı kəndlərin raket atəşinə tutulması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənməlidir.
Arxada qalan bir il işğaldan azad edilmiş torpaqlarımızı canlandırdı, Qarabağın tacı Şuşadan dünyaya birlik, həmrəylik mesajları ünvanlandı. Şuşa hər gün qonaqlarını qarşılamaqla, tədbirlərə ev sahibliyi etməklə əvvəlki şöhrətinə qayıdır. Şuşa, cənab İlham Əliyevin qeyd etdiyi kimi, dirçəlir, cənnətməkana çevrilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan dünyanın diqqətindədir.
Qələbə sevincini bizlərə yaşadan, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Dövlət başçısı İlham Əliyev hər çıxışında şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edirdi. Bu gün qürurla qeyd edirik ki, şəhidlərimizin ruhu şaddır. Onların qisası döyüş meydanında alındı. 30 ilə yaxın müddətdə “İrəli!” əmrini səbirsizliklə gözləyən Azərbaycan oğulları yazdıqları Zəfər tarixi ilə xalqımızın qəlbində əbədi yaşayacaqlar. Bir daha sübut olundu ki, torpaq, əgər uğurunda ölən varsa, Vətəndir. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı!
Yeganə Əliyeva, “İki sahil”
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır