Dost, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə töhfələr verən Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlığı yüksələn xətlə inkişaf edir
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş Türkiyə ilə əlaqələr bütün sahələrdə davamlı, yüksələn xətlə inkişaf edir. Türkiyə-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövrlər ərzində öz təsdiqini tapıb. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
İki dost ölkənin əlaqələrinin inkişafında hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) rolu böyükdür. Təkcə cari ilin ötən dövründə iki partiyanın iştirakı ilə keçirilən tədbirlərin say və mahiyyət tərkibinə, həmçinin münasibətlərinin bu günü fonunda gələcək perspektivləri özündə əks etdirən sənədlərin imzalanmasına diqqət yetirmək kifayətdir. Məlumdur ki, 2021-ci ilin 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində səfərdə oldu. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlaqələrimizin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayaraq bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə dövlət başçısının mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq, partiya nümayəndələrinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etdi.
Həmin səfər hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir inkişaf edən əməkdaşlıq əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Belə ki, səfər çərçivəsində YAP ilə AKP arasında imzalanan Niyyət protokolu partiyaların malik olduqları təcrübəni öz aralarında mübadilə etmək baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da inkişaf edəcəyinə uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.
Cari ilin iyulun 25-də Yeni Azərbaycan Partiyasının dəvəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər etdi. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyun ayında YAP nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı AKP ilə əməkdaşlığa dair Niyyət protokolunun imzalandığını xatırladaraq sənədə əsasən qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirdi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətinin ölkəmizə səfəri də bu məqsədə xidmət edirdi. İyulun 28-də isə YAP və AKP-nin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Şuşa Bəyannaməsi: Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirildi və “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olundu.
Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası əlaqələrdə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə «qardaşım» müraciətləri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Azərbaycan və Türkiyənin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantıdır. Türkiyə rəsmiləri Azərbaycan və Türkiyəni eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqları kimi dəyərləndirirlər. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır.
Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə daim Dağlıq Qarabağ münaqişəsinin həllində ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini qorumağa çağırışlar edirdi. Dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa çağıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğunun artıq hamı tərəfindən qəbul edilməyə başlandığını önə çəkərək bu reallığı da daim bəyan edir ki, bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz.
İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyəni üçüncü tərəf kimi müharibəyə cəlb etmək istəyən işğalçı Ermənistanın bütün cəhdləri boşa çıxdı. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyindən böyük qürur hissi ilə danışaraq, qardaş ölkənin Azərbaycanın tək olmadığını dünyaya bəyan etməsindən böyük güc aldığımızı hər zaman önə çəkir.
Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Həmçinin tarixi Zəfərimizin birinci ildönümü ölkəmizdə, qardaş Türkiyədə böyük bayram ab-havası ilə qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizə ilk dövlət başçısı kimi səfərini gerçəkləşdirən Rəcəb Tayyib Ərdoğanın oktyabarın 26-da Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirməsi də dünyaya dostluq, qardaşlıq nümunəsini bir daha təqdim etdi. İki qardaş ölkənin liderlərinin Qarabağın hava qapısını birlikdə dünyaya açmaları böyük qürur hissi yaratdı. Səfər həmçinin Zəngəzur dəhlizinin, Zəngilanda iki dost ölkənin birgə sərmayə layihəsi olan «Dost Aqropark»ın təməlinin qoyulması ilə yadda qaldı. Atılan addımlar onu göstərir ki, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoyur. Cənab İlham Əliyev, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çiyin-çiyinə bərpa və quruculuq işlərinin birgə uğurla başa çatdırılacağına əminliklərini bildirirlər.
Yeni reallıqların diktə etdiyi vəzifələrin uğurlu icrasında hər iki ölkənin hakim partiyalarının da üzərinə böyük məsuliyyət düşür. Qeyd etdiyimiz kimi, YAP və AKP arasında imzalanmış Niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.
Azərbaycanın cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfər edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”
İki dost, qardaş ölkənin münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçıvəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. “Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur” söyləyən dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatının ardınca “İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun.»
Türkiyə Prezidenti eyni fikirləri Zəngilan rayonunun Ağalı kəndində mətbuata bəyanatında da səsləndirərək Qarabağın cənnətməkana çevrilməsində Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin davamlı olacağını bildirdi.
Qardaş ölkənin Prezidentinin Qarabağımıza səfəri, Füzuli Beynəlxalq Hava Limanının açılışının keçirildiyi gündə, oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının Zəfər Gününün birinci ildönümü münasibətilə birgə “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi” mövzusunda videokonfrans keçirməsi də bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynadı. İki qardaş ölkənin münasibətlərinin inkişafında öz payı olan Azərbaycan və Türkiyənin hakim partiyalarının keçirdikləri tədbirdə bir daha münasibətlərdə yeni mərhələnin təməlini qoyan İkinci Qarabağ savaşından, Azərbaycan və Türkiyənin birgə səylərindən geniş bəhs olundu. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirdi ki, istər bu müharibə, istər ondan əvvəlki, istərsə də ondan sonrakı dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman Türkiyənin, Türkiyə xalqının, Türkiyə Prezidentinin və qardaş ölkənin bütün rəsmilərinin güclü dəstəyini hiss edib. Tədbirin tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf etdiyini önə çəkən Tahir Budaqov qeyd etdi ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimini izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin nəinki regionumuza, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi oluruq.
Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin İstanbuldan millət vəkili Numan Kurtulmuş bildirdi ki, tarixin müəyyən məqamlarında elə vəziyyətlər yaranır ki, birmənalı mövqe nümayiş etdirmək qaçılmaz olur. Türkiyə Respublikası öz siyasi iradəsini bir daha nümayiş etdirdi və biz bundan məmnunluq duyuruq.
Göründüyü kimi, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla davam etdirilir. Bu birlik sarsılmazdır, dünyaya nümunədir. Əlaqələrin yeni prioritetlər üzrə inkişafı üçün geniş imkanlar yaranır.
Yeganə Əliyeva, «İki sahil»
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır