Azərbaycanda uğurla reallaşdırılan və gündən-günə dərinləşməkdə olan yeni siyasi islahatlar xalqla hakimiyyətin bütövlüyünü, cəmiyyətin monolitliyini təmin edir
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatdakı nitqində bir daha bildirdi: “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.”
Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha da sürətlənib. Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində mütəmadi olaraq keçirilən görüşlər bunun əyani sübutudur. VI çağırış Milli Məclisdə ilk dəfə olaraq müxalifət nümayəndəsinin parlament Sədrinin müavini vəzifəsinə seçilməsi, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etmələri siyasi konfiqurasiyanın bariz nümunəsidir.
Azərbaycanda siyasi islahatların uğurla reallaşdırılması çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək, partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Siyasi islahatlar, həmçinin siyasi təfəkkürün və mədəniyyətin formalaşmasını təmin edir. Qətiyyətlə demək olar ki, ölkə başçısının uğurla reallaşdırdığı və gündən-günə dərinləşməkdə olan yeni siyasi islahatlar, həmçinin Azərbaycan cəmiyyətinin monolitliyini təmin edir. 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si siyasi həmrəylik nümayiş etdirərək birgə bəyanat verməsi respublikamızda yaşanan siyasi birliyin əyani təsdiqidir. Siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq nümunəsidir. Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bir gün sonra - iyunun 16-da Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat imzaladılar. Siyasi partiyalar bu addımı atmaqla tarixi əhəmiyyətə malik olan müttəfiqlik sənədini dəstəkləmiş oldular. Bu addımı həm də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların yüksək həmrəyliyimizin nümayişi, dövlətçiliyimizə, milli maraqlarımıza dəstək kimi də səciyyələndirmək olar. Bundan əvvəl işğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlarla əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatının qəbul olunması ölkədəki siyasi dialoqun münbit əsasla üzərində inkişafının əyani təsdiqidir.
Prezident İlham Əliyev yeni siyasi konfiqurasiya ilə bağlı bildirib ki, bir partiya- hakim partiya təkbaşına siyasi dialoq apara bilməz: “Çünki dialoq üçün tərəfmüqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır”
Zahid Rza, “İki sahil”
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır