10 iyun 2021 18:05
1728

Azərbaycan Britaniya Kollecində məzun günü

İyunun 10-da Azərbaycan Britaniya Kollecinin (ABC) 13-cü sinif şagirdlərinin məzun günü tədbiri keçirilib. Tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpın şəxsi iqamətgahında baş tutub.

Bu il ABC-dən məzun adını qazanmış 13 şagird dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olunub.

Tədbiri açıq elan edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz ürək sözlərini məzunlara çatdırıb. Səfir təhsilin şagirdlərin gələcək həyatındakı mühüm rolundan bəhs edib.

Daha sonra SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov çıxış edərək şagirdlərə xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən məzun Səid Eyyubov, öz məzun daim irəli getməyə, daha uca zirvələrə çatmağa səsləyib.

ABC-nin builki məzunları içərisində fərqlənən Dinana Maşevskaya 2 illik A level kursunu 1 il ərzində tamamlayaraq, Amsterdam Universitetinin Biznesin idarəolunması fakultəsinə, Salar Ardebili bilik yarışmasında qızıl medal qazanıb və Londonun Brunel Universitetinin Mexaniki mühəndislik fakültəsinə, Mərakeşdən olan Anastazja Bazus Londonun “Queen Mary” Universitetinin İngilis və fransız hüquq fakultəsinə, Səid Eyyubov Amerikanın nüfuzlu universiteti olan Berkeley Universitetinin Mexanika mühəndisliyi fakültəsinə, Çilidən olan Luis Enrique Julia Lander Exeter Universitetinin Beynəlxalq siyasət və film fakültəsinə, bilik yarışmasında qızıl medal qazanmış Əsmər Əlixanlı “Vita Salute San Raffaelle” Universitetinin Beynəlxalq Tibb fakültəsinə, təşkilat işlərində fəallığı ilə seçilən və bilik yarışında qızıl medal qazanan digər məzun Nəzrin Dadaşlı Newfoundland  Memorial Universitetinin Dəqiq Elmlər fakultəsinə, Tələbə Şurasının prezidenti olmuş, 3 dəfə bilik yarışmasında qızıl medal qazanmış Cavid Quliyev Kanadanın prestijli universiteti olan Toronto Universitetinin Sənət və elm fakültəsinə, çalışqan şagirdlərimizdən olan Ülvi Ələsgərov Charles Universitetiinin Tibb fakültəsinə, bilik yarışmasında qızıl medal qazanmış Kənan Mirzoyev “Vita Salute San Raffaelle Universitetinin Tibb fakültəsinə, Ceren Tasbag Türkiyənin nüfuzlu universiteti olan Koç Universitetinin Molekulyar biologiya və genetika fakultəsinə, Alika Gadjiyeva “Concordia” Universitetinin Siyasi elmlər fakültəsinə qəbul olunublar. Digər istedadlı məzun Ayan Həmidova Türkiyənin Bilkend və ODTÜ Universitetlərinin Molekulyar biologiya ixtisasına müraciət etmişdir və nəticələri gözləyir.

Məzun gününün digər qonağı, Britaniya Konsulluğunun İngilis Dili və Təhsil departamentinin rəhbəri Nərgiz Hüseynova çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar və bundan da gözəl nailiyyətlər qazanmalarını arzulayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Karl Lander şagirdlərimizi təbrik edib, onlara uğurlar arzulayıb.

Bağlanış çıxışı edən məzun Cavid Quliyev ABC-də şagird olduqları dövlərlə bağlı xoş xatirələrini paylaşıb və onların həyatında əvəzedilməz rolu olan müəllimlərinə minnətdarlığını bildirib.

Sonda məzunlarla xatirə şəkilləri çəkilib və səmimi söhbət aparılıb.

Zamin Məmmədov, “İki sahil”