Azərbaycanda kredit faizlərinin yüksək olması, eyni zamanda, faiz dərəcələrinin depozit və əmanətlərin faizlərindən dəfələrlə yüksək olması daim müzakirə mövzusudur. Son bir ildə pandemiyanın təsirini də buraya əlavə etdikdə bu istiqamətdə vəziyyətin təhlili xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də inflyasiyanın faiz dərəcələrinə necə təsir etməsi maraq doğurur.
Mərkəzi Bankın məlumatlarına nəzər salanda məlum olur ki, son bir ildə depozit və əmanətlərin faizləri azalsa da, kreditlərin faizləri artıb. Belə ki, aprelin 1-nə ölkədə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 8,55 faiz, xarici valyutada 1,76 faiz olub. Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə depozit və əmanətlər üzrə faiz dərəcəsi manatla 8,95 faiz, xarici valyuta ilə 1,75 faiz olub.
Yeni cəlb edilmiş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə aprelin 1-nə manatla 7,62 faiz, xarici valyutada 0,84 faiz olub. Ötən ilin aprel ayının birində bu göstərici manatla 6,74 faiz, xarici valyuta ilə 1,35 faiz olmuşdu.
Yeni cəlb edilmiş depozit və əmanətlərin orta faiz dərəcəsi manat üzrə son bir ildə artsa da, aprelin 1-nə ümumi depozit və əmanətlər üzrə orta faiz dərəcəsindən aşağı olmaqla faiz dərəcələrindəki azalmanı qabaqlamağa imkan verməyib. Baxmayaraq ki, inflyasiya tempi yüksəlməkdədir və bu, depozit və əmanətlərin orta faiz dərəcəsinə təsirini göstərməli idi.
Lakin depozit və əmanətlərin orta faiz dərəcələrində azalmaya rəğmən manatla kreditlərin orta faiz dərəcələri nəinki enib, əksi artıb. Xarici valyutada isə azalma olub. Aprelin 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi ötən illə müqayisədə 13,79 faizdən 13,82 faizə yüksəlib, xarici valyuta ilə 5,79-dan 5,11 faizə enib. Manatla kreditlərin faizləri fiziki şəxslər üçün 16,47-dən 16,04-ə azalsa da, hüquqi şəxslər üçün 8,82-dən 9,71-ə yüksəlib.
Yeni verilmiş manatla kreditlərin faizləri isə 15,03-dən 17,18-ə qalxıb. Həmçinin yeni verilmiş xarici valyutada kreditlərin orta faiz dərəcəsi 5,81-dən 5,83-ə yüksəlib.
Vacib məqamlardan biri də kreditlərin faizlərinin depozit və əmanətlərin faizlərinə nisbətidir. Belə ki, yeni verilmiş manatla kreditlər üzrə orta faiz dərəcəsinin depozit və əmanətlərin orta faiz dərəcəsindən 2,25 dəfə çoxdur. Həmçinin yeni verilmiş xarici valyutada kreditlərin orta faiz dərəcəsinin depozit və əmanətlərin orta faiz dərəcəsindən 7 dəfəyədək çoxdur. 2020-ci ilin aprelin 1-nə kreditlərin depozit və əmanətlərə nisbəti manat üzrə 2,2 dəfə, xarici valyuta üzrə 4,3 dəfə təşkil etmişdi. Ümumilikdə manatla kreditlərin faizləri depozit və əmanətlərin faizlərini 1,6 dəfə, xarici valyuta ilə olan kreditlərin faizləri depozit və əmanətləri 2,9 dəfə üstələyib. Bir il əvvəl bu nisbət manat üzrə 1,54 dəfə, xarici valyuta üzrə 3.3 dəfə olmuşdu. Başqa sözlə, pandemiya dövründə depozit və əmanətlərin faizlərinin enməsi, kreditlərin faizlərinin isə artması onlar arasında fərqi daha da artırıb.
Ceyhun Piriyev, “İki sahil”