Azərbaycan Mərkəzi Bankı (AMB) kartlar vasitəsilə PİN-kod daxil edilmədən aparılan təmassız ödəniş limitini hazırkı 50 manatdan 100 manata yüksəldib.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Mərkəzi Bankın qarşısına qoyulan əsas hədəflərdən biri innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılmasıdır. AMB-nin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin müvafiq dövrü ilə müqayisədə təmassız kartların sayının 2 dəfə, təmassız ödənişlərin 5 dəfə artdığını bildirib. AMB-nin açıqladığı məlumata görə, son illərdə ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 26 faizi (2,3 milyon ədəd), POS-terminalların isə 53 faizi (29,5 min) təmassız ödənişləri dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, iki il əvvəl- 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7 faiz (409 min ədəd) və 32 faiz (21 min ədəd) olub.
Belə demək mümkündürsə, təmassız kartlar və POS-terminallarla bərabər, onlarla aparılan ödənişlərin də həcminin artması təmassız ödəniş limitinin də artmasını şərtləndirirdi. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın zəruriliyi, təmassız ödənişlər, elektron ticarət, elektron bankçılıq xidmətləri bu prosesi daha da aktuallaşdırıb. Pandemiya şəraitində virusun səthə toxunaraq yayılması faktı əhali tərəfindən POS-terminala toxunmadan aparılan təmassız ödənişlərə üstünlük verilməsinə səbəb olub. Bu baxımdan pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitləri yüksəldilib.
Limitin artması isə öz növbəsində daha böyük nominalda ödənişlərin həyata keçirilməsinə şərait yaratdığından, bu, təmassız ödənişlərin daha sürətli artmasına imkan verəcək.
AMB bəyan edib ki, yaxın gələcəkdə bütün bank kartları və POS-terminalların təmassız ödənişləri dəstəkləməsi üçün bank sektoru ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir. Lakin ödəniş limitinin artırılması təhlükəsizlik məsələsini də gündəmə gətirir. AMB bildirib ki, təmassız ödənişlərin daha rahat, sürətlə aparılması ilə bərabər, təhlükəsizlik imkanları da genişləndirilib.
“Visa” beynəlxalq ödəniş sisteminin baş vitse-prezidenti və Cənub-Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Vera Platonova “Report”a müsahibəsində tokenləşdirilən bank əməliyyatlarına dair statistikaya istinadən bildirib ki, belə kartlardan məlumatları köçürtmək, dələduzluq etmək ehtimalı sıfırdır. Onun sözlərinə görə, daha çox çipsiz kartlara hücum olur ki, belə kartların sayı get-gedə azalır. Mövcud qaydaya görə banklar yalnız çipə malik, təmassız texnologiyanı dəstəkləyən kartlar buraxmağa mükəlləfdirlər.
Baş menecer qeyd edib ki, təmsil olunduğu regionun bir çox ölkələrində dələduzların kart sahiblərini aldadaraq fərdi məlumatları ələ keçirmələri halları geniş yayılıb. Belə ki, daha yaşlı nəslin nümayəndələri onlarla telefonla əlaqə saxlayan dələduzlara asanlıqla bütün lazımi məlumatları çatdırırlar. Bundan başqa, kartların itirilməsi və ya oğurlanması ehtimalları da klassik risklərdəndir. Nəticə etibarilə təmassız ödəniş limitinin artırılması risklərin də artması demək deyil. Başqa sözlə, limitdən asılı olmayan risklərin bir hissəsi dəyişməzdir və bundan sonra da aktual olaraq qalacaq.
Ceyhun Piriyev,
“İki sahil”