13 iyun 2018 14:24
3168

TANAP Şərqdən Qərbə açılan strateji təbii qaz dəhlizidir

İyunun 12-də Azərbaycan daha bir uğura imza atdı. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ölkəmizin liderliyi ilə həyata keçirilən, mühüm tarixi əhəmiyyətə malik olan, xalqımızın firavan gələcəyini təmin edən, böyük bir coğrafiyada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən, XXI əsrin layihəsi adlandırılan, “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazı Xəzər dənizindən Türkiyəyə, oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP uğurla reallaşdırıldı.

Belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihənin uğurla reallaşdırılması, həyata vəsiqə alması Azərbaycanın beynəlxalq aləmdə  nüfuzunu möhkəmləndirməklə yanaşı, ölkəmizə böyük iqtisadi gəlirlər qazandıracaq, respublikamızın sosial-iqtisadi tərəqqisinə  böyük töhfələr verəcəkdir. 

Təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulan TANAP regionda enerji siyasətinə təkan verə biləcək strateji bir layihədir. Hələ təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Prezident İlham Əliyev bildirmişdi ki,  Azərbaycanın bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyü bütün layihələr uğurla nəticələnib:  “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi “Şahdəniz” qazıdır, Azərbaycan qazıdır”.

 Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəql edəcək Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır. Cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

 Göründüyü kimi, TANAP regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. O, Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək, milli iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq, qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına töhfə verəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir edəcək.

2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində “İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihəyə start verib və onun təşəbbüskarı olub” deyən Prezident İlham Əliyev bildirib ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihələr gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir: “2002-ci ildə biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir.”

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın liderliyi ilə uğurla reallaşdırılan enerji layihələri  təkcə regionda deyil, dünyada ən böyük layihələrdən biridir: “Bu gün Cənub Qaz Dəhlizi layihəsinin ən böyük zəncirindən olan TANAP-ın Eskişəhərə qədər olan hissəsi işə salınacaq. Biz artıq bu kəmərlə Türkiyəyə qaz nəql edəcəyik. Çox şadam ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirilir. Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Səngəçal terminalının genişləndirilmiş hissəsi işə salındı, ilk qaz Türkiyəyə göndərildi və bu gün də Eskişəhərdə TANAP-ın birinci hissəsinin açılış mərasimi keçiriləcək. Layihə qrafikə uyğun, nəzərdə tutulan maliyyə çərçivəsində, hətta nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilib. Düşünürəm ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də vaxtında həyata keçiriləcək və artıq 2020-ci ildə Azərbaycan qazı Avropaya çatdırılacaq”.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib ki, TANAP-ın rəsmi açılışı mühüm mərhələdir. Belə ki, bu hissə ticari əsasda Xəzər regionundan qazı Türkiyəyə nəql etməyə imkan verəcək. Başqa sözlə, biz enerji birliyi çərçivəsində niyyətləri reallığa çeviririk və real nəticələr əldə edirik. O bildirib ki, Avropaya enerji resursları tədarükünün təchizatçıları və marşrutlarını şaxələndirməyə xidmət edən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir: “Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarları arasındakı bu “körpü”dən qazanırıq. Bizim uzunmüddətli məqsədimiz azad ticarətə, rəqabətə və tədarüklərin, mənbə və marşrutların şaxələndirilməsinə əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır. Bu, onu göstərir ki, enerji birliyi Aİ sərhədlərində dayanmır və güclü xarici ölçüyə malikdir”.

Bu günlər dünyanın  aparıcı KİV-ləri TANAP-ın açılış mərasimi ilə bağlı geniş  reportajlar hazırlayır, nüfuzlu ekspertlər, köşə yazarları bu nəhəng enerji layihəsinin tarixi əhəmiyyətindən bəhs edirlər. Məsələn, Türkiyənin nüfuzlu TRT HABER televiziya kanalında  bu layihə bağlı reportaj “Enerjinin İpək yolu” adı ilə təqdim olunub. Reportajda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyasının tarixi əhəmiyyətindən, bu strategiya nəticəsində ortaya çıxan iqtisadi layihələrdən, o cümlədən Trans-Anadolu təbii qaz boru kəmərinin geniş bir coğrafiyanın iqtisadi inkişafına təsir imkanlarından bəhs olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərinə, eləcə də iki qardaş ölkə liderlərinin birgə iştirak etdikləri mərasimlərə, həmçinin dövlət başçılarının siyasi iradəsi ilə gerçəkləşən TANAP-ın tikintisinə, bu mövzuya aid digər mühüm məqamlara dair kadrlar əks olunub.

Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirib ki, TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir.

 Britaniyalı ekspert, Avropa Enerji və Resurs Təhlükəsizliyi Mərkəzinin elmi işçisi Slavomir Raşevski bildirib ki, TANAP-ın açılması böyük hadisədir: “Əvvəla,  TANAP Cənub qaz dəhlizi konsepsiyasını açır və istismara verir. Bu, layihəni həyata keçirən iş strukturları, həmçinin onun reallaşmasında əməyi olan region ölkələri üçün inqilabi nailiyyətdir”.

Qardaş ölkənin nüfuzlu “Yeni Şafak” qəzetinin köşə yazarı Erdal Tanas Karagöl yazıb ki, TANAP-ın həyata keçirilməsi yeni böyük enerji layihələrinə təkan verib və enerji sahəsində sərmayədarların gözündə Türkiyənin rolunu yeni səviyyəyə qaldıracaq. TANAP Azərbaycandan Avropaya uzanan təbii qaz ixrac boru kəməri kimi görünsə də, əslində, bu layihə bölgədə Şərqlə Qərb arasında əsas təbii qaz dəhlizini açmış oldu. Ekspert onu da vurğulayıb ki, TANAP Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi regionu ölkələrindən olan qazı da Avropaya ixrac etməyə imkan yaradacaq.

Ekspertlər qeyd edirlər ki, TANAP layihəsi başa çatan kimi Türkiyənin qaz xərcləri də azalacaq. Bunun əsas səbəbi Azərbaycanın “Şahdəniz-2” qaz yatağından çıxarılan qazın maya dəyərinin aşağı və bazara ucuz tarif siyasəti yürütməsi ilə bağlıdır. Türkiyə qaz istehlakında, demək olar ki, tamamilə kənardan asılı bir ölkədir. Əsas tədarükçüləri Rusiya, İran, Azərbaycan, Nigeriya və Əlcəzairdir. Rusiya və İrandan alınan qaz nisbətən baha başa gəlir. Azərbaycandan alınan ucuz enerji Türkiyənin uzunmüddətli bazar gücünü artıracaq. TANAP layihəsi  ilə birlikdə ilkin fazada 1- 3 milyard dollarlıq qənaət gözlənilir, bütövlükdə isə layihənin Türkiyəyə dolayı və birbaşa töhfəsi 50 milyard dollar olacaq.

Bundan başqa, TANAP Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında enerji bazası olma hədəfinə mühüm potensial yaradır. Qaz istehsal resursları və onların müştərisi olan Avropa coğrafiyasına yaxınlığı Türkiyəyə ciddi üstünlük verir. Buna görə ölkə daxilindəki enerji nəql xətlərinin intensivliyi və infrastruktur gücü əhəmiyyət kəsb edir. Türkiyənin alt struktur inşasında TANAP-ın təqdim edəcəyi imkanlar həm də yerli istehsal texnologiyasının inkişafı baxımından mühümdür. Azərbaycanla başlayan Şərq-Qərb qazötürücü xəttinə sonradan  Türkmənistan, Qazaxıstan, İraq, İran və digər Şərqi Aralıq dənizi ölkələri də qoşularaq qaz resurslarının Qərbə daşınmasında rol oynaya bilər. Bu isə Türkiyənin uzunmüddətli iqtisadi və siyasi qazancının əhəmiyyətli mərhələsi demək olacaq.

Tanınmış rusiyalı ekspert Darya Qrevtsova bildirib ki, TANAP Azərbaycanın gəlirlərini artırmasına  böyük imkanlar yaradacaq: “Bu məhsulun məhz Avropa İttifaqı (Aİ) ölkələrinin bazarına çatdırılması tam təbiidir. Çünki Avrozona çoxsaylı iqtisadi fəal insanlara, çox inkişaf etmiş iqtisadiyyata və enerji resurslarına böyük tələbat deməkdir”.

Rusiyalı ekspert həmçinin bildirib ki, TANAP üçün şərtlər digər enerji layihələrinin şərtlərindən daha əlverişlidir, çünki Aİ ölkələri Azərbaycanı geosiyasi təhdid hesab etmir. Bunlar Azərbaycan üçün istisna edilib və bu, şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatik siyasətinin təzahürüdür.

Göründüyü kimi, Azərbaycan qazını Türkiyə ərazisi ilə Avropa sərhədinə qədər çatdıracaq TANAP-ın işə düşməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya məkanı üçün mühüm tarixi  hadisədir.

Zahid Rza, “İki sahil”